Xəbər lenti

“Azəriqaz”ın taleyi həll olunur
Ölkə10:45 19.04.2015

“Azəriqaz”ın taleyi həll olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hesablama Palatası “Azəriqaz” İstehsalat Birliyində yoxlama apararaq bu qurumda ciddi nöqsanlar aşkarlayıb. Hesablama Palatasının hesabatında bildirilir ki, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə 2012-13-cü illərdə Dövlət Proqramı üzrə qaz təchizatı tədbirlərinə ayrılan vəsaitlərin istifadəsinin auditi aparılıb.
Müəyyən edilib ki, “Azəriqaz” İB tərəfindən qüvvədə olan qanunvericiliyin tələblərinə əməl edilməyib və obyektlərin layihə-smeta sənədləri hazırlanmadan 2012-2013-cü illərin “Kapital qoyuluşu planı”na daxil edilmiş yaşayış məntəqələrinin qazlaşdırılmasına tələb olunan vəsaitin həcmi cari ildəki qazla təchiz olunan yaşayış məntəqələrinin siyahısına, növbəti illər üzrə investisiya xərclərinə ayrılan vəsaitlərin məbləğinə və əvvəlki illərin faktiki göstəricilərinə istinad edilməklə müəyyən olunub.
Tələb olunan kapital qoyuluşunun həcminin hesablanmasına qüvvədə olan təlimatdan fərqli metodologiyanın tətbiq edilməsi nəticəsində obyektlər üzrə əlavə vəsait sərfinə şərait yaranıb, icra prosesində ARDNŞ tərəfindən təsdiq edilən “Kapital qoyuluşu planı”nda Dövlət Proqramı üzrə qaz təchizatının yaxşılaşdırılması  ilə əlaqədar nəzərdə tutulan tədbirlər tam əhatə olunmayıb.
Tikinti mərhələsində hazırlanan 790 obyektin layihə-smeta sənədləri dövlət ekspertizasından keçirilməyib. Dövlət büdcəsindən ayrılan vəsait hesabına aparılan tikinti işlərinin ehtimal olunan dəyəri qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun olmayaraq 2012-ci ilin 01 yanvar tarixinədək podratçı təşkilatlar tərəfindən və sonrakı dövrlərdə ARDNŞ ilə bağlanan müqavilələrə əsasən başqa bir MMC tərəfindən hesablanıb.
Dövlət Proqramında nəzərdə tutulan qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar dövlət əsaslı vəsait qoyuluşundan ayrılan vəsait üzrə ARDNŞ tərəfindən təsdiq olunan “Kapital qoyuluşu planı”nda nəzərdə tutulan 1697 obyektdən 693-də qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar işlər yerinə yetirilib, tikintisi başa çatan 872 obyektdən  296 obyektin istismara verilməsi təmin edilsə də faktiki istifadə olunan 111 obyekt qəbul komissiyası tərəfindən istismara qəbul edilməyib.
Sənəddə daha sonra deyilir ki, 2012-13-cü illərdə qaz təchizatının yaxşılaşdırılmasına yönəldilən kapital qoyuluşundan 01.01.2014-cü il tarixə maliyyə hesabatlarında başa çatdırılmayan tikintilərin həcmi 33,8 faiz təşkil edib, avadanlıqların alınması üçün verilən avans üzrə 2014-cü il, 01 yanvar tarixə böyük məbləğdə debitor borc yaranıb, qazla bağlı tədbirlərə sərf edilən vəsaitlə qaz itkiləri arasında mütənasiblik olmayıb, auditlə əhatə olunan dövrdə itkilər artıb.
ARDNŞ-in Audit Komitəsi tərəfindən İB-nin fəaliyyətinin auditi zamanı yalnız satınalınan malların (iş və xidmətlərin) ehtimal olunan qiymətinin müəyyənləşdirilməsinin müvafiq sənədlərlə təsdiq edilmədiyi barədə qeyd olunan nöqsanların aradan qaldırılması təmin olunmayıb.
Beləliklə, Hesablama Palatası da qaz təsərrüfatında meydana çıxan, vaxtaşırı olaraq mətbuatda müzakirə olunan problemlərin ölkənin təbii qaz operatorunun fəaliyyətində və funksiyalarında ciddi dəyişikliklərin həyata keçirilməsinə zərurəti yaratdığını təsdiqləyib.
Elə ekspertlər də “Azəriqaz” İB-də ciddi islahatlarının aparılmasını vacib hesab edirlər.
İqtisadçı-ekspert Samir Əliyev virtualaz.org saytına açıqlamasında deyib ki, “Azəriqaz” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ləğv edilərək Dövlət Neft Şirkətinin tərkibinə verilməsi yanlış addım olub: “Əslində istehsalçı subyektlə paylayıcı subyektin bir quruma məxsus olması şəffaflıq baxımından normal qəbul edilmir. Beynəlxalq təcrübədə bir qayda olaraq istehsal bir quruma, paylayıcı şəbəkə isə digər quruma həvalə olunur. Bunda məqsəd qarşılıqlı nəzarət vasitəsilə şəffaflığı təmin etməkdir”.
Ekspertin fikrincə, artıq elektrik enerjisi şəbəkəsində oxşar addımlar atılıb. Elektrik enerjisi istehsalını “Azərenerji” həyata keçirəcək. Paylayıcı şəbəkə funksiyasını isə “Azərişıq” ASC yerinə yetirəcək. Bütün dünyada bu mexanizm işləyir: “Gələcəkdə “Azəriqaz” Dövlət Neft Şirkətinin tabeliyindən alınaraq müstəqil qurum kimi fəaliyyət göstərə bilər. Çünki qaz təsərrüfatındakı problemlərin bir qismi beləliklə həllini tapa bilər. “Azəriqaz”ın müstəqil qurum kimi fəaliyyət göstərməsi daha səmərəli olardı”.
S.Əliyev onu da qeyd etdi ki, kommunal xidmət sferasının özəl şirkətlərə verilməsi prosesinə artıq başlanmalıdır: “Bizim fikrimizcə, dövlət öz üzərindəki yükü azaltmalıdır. Özəl şirkətlər isə bu işi daha keyfiyyətli və səmərəli görə bilərlər” (virtualaz.org).
Qaynar.info