Xəbər lenti

Video 11:05 20.06.2024

"Azərişıq" Ağdamda yenidənqurma işlərini davam etdirir (VİDEO)

İşğaldan azad edilən bütün regionlarda olduğu kimi "Azərişıq” ASC Ağdamın da elektrik təsərrüfatının yenilənməsi işlərini sürətlə davam etdirir.

Qaynarinfo xəbər verir ki, həyata keçirilən yenidənqurma işləri çərçivəsində Ağdamda keyfiyyətli, dayanıqlı və etibarlı elektrik enerjisi təchizatı üçün müasir standartlara uyğun, yeni elektrik şəbəkəsi qurulur.

Ağdam şəhərində tikinti-quraşdırma işləri aparan təşkilatların və strateji obyektlərin enerji ilə təmin olunması üçün xüsusi şəbəkələr yaradılıb. Hər birinin gücü 10 mVA olmaqla 35/04 kV-luq 2 yarımstansiya inşa edilib və gələcəkdə bu yarımstansiyalar vasitəsilə Ağdam şəhər mərkəzinin işıqlandırılması nəzərdə tutulub.

Hazırda Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin tikintisi davam edir. Yenidən qurulan Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində isə yeni dayaqlar basdırılıb, 35/04 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilib. İşlərə cəlb edilən əməkdaşların əksəriyyəti elə Ağdam sakinləridir.

Gələcəkdə Güllücə, Baş Qərvənd və Salahlı Kəngərli kəndlərində də yeni xətlərin çəkilişi nəzərdə tutulub. Ümumilikdə, Ağdam şəhəri və kəndlərinin kabelləşdirilməsi Şəhərsalma Planına əsasən aparılır.

Qeyd edək ki, Azərişıq” ASC ölkənin bütün regionlarında paralel şəkildə yenidənqurma işlərini davam etdirir. Məqsəd vətəndaşların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->