“Azəryolservis” ASC-nin mətbuat xidmətindən “Qaynar.info” saytına ünvanlanan cavab məktubunu - qarşı tərəfin mövqeyinə hörmət əlaməti olaraq, olduğu kimi dərc edirik.
""Qaynar-Media” MMC-yə məxsus “Qaynar.info” xəbər portalının internet səhifəsində “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat katibi Anar Nəcəflinin şəxsi facebook səhifəsində “Medianın nəzərinə” başlıqlı yazıya cavab olaraq 2016-cı il 21 yanvar tarixində saat 12:23-də “Azəryolservisin KARlığı - REPLİKA” başlığı altında “Azəryolservis” ASC-nin ünvanına, onun işgüzar nüfuzuna xələl gətirən ifadələr işlətməklə cəmiyyətin fəaliyyəti ilə bağlı “Tüleyman” imzası ilə həqiqətə uyğun olmayan, qərəzli məlumatlar yayılmışdır.
“Qaynar.info” xəbər saytında yayılmış həmin xəbərin birmənalı şəkildə qərəzlə yazıldığını açıq-aşkar görmək mümkündür. Müəllif “Azəryolservis” ASC-nin məhz o qurumdur ki, onlara peşəkarlığın olsa-olsa “KAR” hissəsi çatdığını göstərir: “ Ölkənin büdcəsini yol çəkmək adı ilə illərdir talayan, eyni yolu ildə 3-4 dəfə söküb, təzədən tikən, yolun hər kilometri üçün fantastik rəqəmlər uyduran bir qurum peşəkarlıqdan danışanda adam istəyir özünü katokun altına ata.”
Xəbərin müəllifi yuxarıda sadalanan informasiyaları heç bir fakta söykənmədən verir və bununla da bir daha yazının məhz qərəzli şəkildə yazıldığını təsdiqləmiş olur. Üstəlik yazı qarşı tərəfin mövqeyi öyrənilmədən verilir. Bu isə “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na tamami ilə ziddir.
Daha sonra müəllif “Azəryolservis” ASC-nin adına xələl gətirən sözlər işlətməklə onu “Azərpul”...servis adlandırmaqla qeyri-etik ifadələrə yol vermişdir.
Yazının müəllifi “Azəryolservis” ASC barəsində həqiqətə uyğun olmayan məlumatları Azərbaycan Respublikası “Kütləvi informasiyalar haqqında” Qanunun 10-cu maddəsini pozmaqla çap etdirmiş, həmin məlumatlar digər xəbər saytları vasitəsi ilə yayılmışdır. Bununla da “Qaynar.info” xəbər saytı dövlət qurumu olan “Azəryolservis” ASC-nin işgüzar nüfuzuna ciddi zərər vurmuşdur.
Qeyd olunanları nəzərə alaraq “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti rəsmi şəkildə “Qaynar.info” saytına bu cür qərəzli yazıların bir daha təkrarlanmaması üçün xəbərdarlıq edir, əks halda qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcəkdir."