Xəbər lenti

“Azəryolservis” Salyandakı talandan narahat olub
Ölkə19:10 17.07.2015

“Azəryolservis” Salyandakı talandan narahat olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Biz Salyandakı köhnə körpünün metal konstruksiyalarının bir hissəsinin kəsilərək aparılması barədə məlumatı mətbuatdan oxumuşuq. Körpüdə aparılan işlər, o cümlədən onun rənglənməsi barədə də dəqiq məlumatımız yoxdur”. Bunu virtualaz.org saytına açıqlamasında “Azəryolservis” ASC mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
A.Nəcəfli daha çox “birinci Kür körpüsü” kimi tanınan Salyan körpüsünün bəzi metal konstruksiyalarının kəsilərək aparılması barədə məlumatları şərh edərkən bildirib ki, “Azəryolservis” ASC bu məlumatlarla mətbuatdan tanış olandan sonra dərhal müvafiq araşdırmalara başlayıb.
“Bu məlumatlar “Azəryolservis”i də narahat edir. Araşdırmaların nəticəsi barədə mütləq məlumat veriləcək” - deyə A.Nəcəfli bildirdi.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadənin virtualaz.org saytına verdiyi açıqlamaya görə isə Salyan Rayon Polis Şöbəsinə körpünün bəzi metal konstruksiyalarının kəsilərək aparılması barədə heç bir qurumdan, o cümlədən "Azəryolservis"dən müraciət və şikayət daxil olmayıb.
Qeyd edək ki, dünən virtualaz.org saytında Ələt-Astara avtomobil yolunun Kür çayının üzərindən keçən hissəsində yerləşən metal konstruksiyalı körpünün bəzi hissələrinin talan edilməsi, kəsilib aparılması barədə məlumat verilmişdi.
Xəbərdə deyilirdi ki, az qala Salyanın simvoluna çevrilən, xalq arasında əvvəllər “alman körpüsü”, “birinci Kür körpüsü” kimi də tanınan 70 yaşlı bu tikilinin dəmir konstruksiyaları naməlum şəraitdə yoxa çıxıb.
“Hər şey isə 3 ay əvvəl Nəqliyyat Nazirliyi tərəfindən körpüdə başlayan abadlıq işlərindən sonra başlayıb. Belə ki, aprel ayında nazirliyin göstərişi ilə körpünün metal hissələrini rəngləməyə başlayıblar. Burada intensiv iş aparılıb. Elə görünə bilərdi ki, körpü tezliklə bərpa olunacaq. Lakin bu işlər tezliklə dayandırılıb. Tələm-tələsik və başdansovdu aparılan boyama işlərindən sonra körpü necə deyərlər, ala-bula görkəmə salınıb, bundan sonra isə boyaqçılar da qəfildən qeybə çəkilib.
Bu günlərdə isə bu “rəngləmə əməliyyatı”nın əsl mahiyyəti üzə çıxıb. Məlum olub ki, məqsəd körpünü rəngləmək, orada hər hansı təmir-bərpa işləri aparmaq yox, başqa olub. Belə ki, həmin körpünün uzunluğu 1200 metrə çatan dəmir məhəccərləri, səkiləri və metaldan olan qoruyucu çəpərləri naməlum şəxslər tərəfindən sökülərək harasa aparılıb. Amma həmin “naməlum şəxslər”in rəngləmə işlərini həyata keçirənlər və ya onlara bağlı şəxslər olması məlumdur. Çünki məhəccər və səkilər orada rəngləmə işləri gedərkən yoxa çıxıb” - deyə məqalədə bildirilirdi.
Virtualaz.org saytı bu məsələyə aydınlıq gətirmək məqsədilə Nəqliyyat Nazirliyinin Salyandakı əməkdaşları ilə əlaqə saxlasa da onlar suallara cavab verməkdən imtina etmişdilər.
Qaynar.info