
Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndə heyəti bir qrup tələbə ilə birlikdə təcrübə mübadiləsi məqsədi ilə Türkiyəyə səfər edib.
"Qaynarinfo" xəbər verir ki, AzMİU-da bu ənənə bir neçə ildir davam etdirilir. Rektor Gülçöhrə Məmmədovanın təşəbbüsü ilə bu il də davam etdirilən səfər çərçivəsində universitet şəhərciyinin direktoru, Texnika üzrə fəlsəfə doktoru, dosent Aqşin Kərimov, Beynəlxalq Əlaqələr Şöbəsinin müdir müavini Könül Şirinova və bir qrup tələbə Türkiyəyə yollanıb. Artıq 10 gündür ki, AzMİU-nun tələbə və müəllim heyəti İstanbulda geniş şəkildə praktika dərslərdə iştirak edir, birgə layihələrin icrasını müzakirə edirlər.
AzMİU-nun tələbə və müəllim heyətini "İstanbul Su-Kanalizasiya İdarəsi"nin (İSKİ) direktor müavini Metin Akbaş, Layihə İdarə Etmə müdiri Bilal Toprak, Araşdırma və Planlama Mərkəzi müdiri Bilge Büdeyri, Strateji Planlama şövbə müdiri Ramazan Oruç qarşılayıb.
Səfər zamanı tələbələr İstanbul şəhərində "Temiz su mikrobioloji labaratuvarı şefliği", "Su arıtma daire başkanlığı" və "Kağıthane işletme"də olublar. Tələbələr burada mühəndis kommunikasiya sistemlərinin quruluşu, su təmizləyici qurğuların işlənmə mexanizmini mənimsəyərək bilik və bacarıqlarını daha da inkişaf etdiriblər.
Hazırda AzMİU-nun nümayəndə heyətinin Türkiyədə səfəri davam edir. Səfər çərçivəsində Türkiyənin digər dünyaca məşhur mühəndislik universitet və idarələrində görüşlər davam edəcək.




