Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) ixtisarlar davam edir. Aznews.az-a AzTV-dən verilən məlumata görə, dünən axşam saatlarında bu qurumun daha dörd əməkdaşının işinə xitam verilib.
Məlumata əsasən, AzTV-nin bədii rəhbəri, rejissoru, Əməkdar incəsənət xadimi Etibar Babayev, tanınmış rejissor Elnur Məmmədov, "Səhər” musiqili informasiya proqramının baş rejissoru Rəsul Ələkbərov və adı açıqlanmayan montajçı işdən kənarlaşdırılıb. Hər 4 şəxsin öz ərizəsi ilə işdən ayrıldığı deyilir.
Məlumat üçün bildirək ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində Etibar Babayev ad və soyadı daşıyan iki şəxs çalışır. İşdən çıxarılan Etibar Babayev kanalda bədii rəhbər və rejissor vəzifələrində çalışıb.
Digər Etibar Babayev isə “Space”nin keçmiş prezidenti və tanınmış jurnalistdir. O, hazırda Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin bazasında yaradılmış Televiziya və Radio Akademiyasının rektoru vəzifəsində çalışır.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) mətbuat xidmətindən lent.az-a verilən məlumata görə “İdman Azərbaycan” kanalının baş direktoru Elsevər Dünyamalıyev də işdən çıxarılıb. E. Dünyamalıyev Azərbaycan Televiziyasının baş proqram direktoru təyin olunub: “İdman Azərbaycan” kanalına rəhbər təyin olunana qədər adıçəkilən kanala rəhbərlik də müvəqqəti olaraq E. Dünyamalıyevə həvalə olunub”.
Qaynar.info