
281 saylı bağçanın müdirəsi bu gün "Qafqazinfo"da yayımlanan "Uşaq bağçasında rüşvət skandalı" başlıqlı yazıda qeyd olunan ittihamlara cavab verib.
Qeyd edək ki, bağça müdirəsi rüşvət almaqda və bağçada sanitariya qaydalarına əməl olunmaması ilə bağlı ittiham olunur.
“Qafqazinfo”ya açıqlama verən müdirə Məlahət Rəhimova bildirib ki, Sevinc Ağazadə ona müraciət edərək bağçada tərbiyəçi işləmək istədiyini deyib: “Mən Sevincin sənədlərini götürüb BŞİH-nə apardım.
Sənədlərə baxıldıqdan sonra mənə dedilər ki, Sevinc 2009-cu ildə kolleci bitirib. Ondan sonra işləmədiyi üçün heç bir yerdə stajı yoxdur. Ona görə də kursa getməlidir. Mən də bunu Sevincə çatdırdım və dedim ki, kursdan sertifikat alandan sonra səni işə qəbul edəcəm.
BŞİH təqdimat verəndən sonra əmri mən verirəm. BŞİH də kursa getmədiyinə görə ona təqdimat verməyib. Sevinc elə bilir ki, onunla prinsip aparıram. Mənə deyir ki, sənədlərimi BŞİH-nə aparmamısan. BŞİH-nin nümayəndəsi Oqtay müəllim sənədlərin onlarda olduğunu təsdiqləyib. Sevincin mənim və bağçanın ünvanına dedikləri hamısı böhtandır. Bağçada hər şey qaydasındadır.
O, 4 aydır ki, mənə işləməyə imkan vermir. Elə bil onunla şərikli malım var. Hər yerə müraciət edib. Mən şəkər xəstəsi olmuşam. 3 uşaq anasıyam. Sabah mənə bir şey olsa, o mənim uşaqlarıma necə cavab verəcək? İnternetə də 3 uşaq şəkli çəkib qoyub. Nə bilirsən orda uşaqlar küftə bozbaş yeyir, yoxsa su içir? Çatana deyir ki , uşaqlara çiy su verirlər. Heç evdə biz uşağımıza çiy su vermirik, o ki qaldı dövlət müəssisəsində...”.
Qaynar.info