Xəbər lenti

Badamdarda tıxac problemi bitmək bilmir - FOTOLAR
Ölkə15:43 17.07.2015

Badamdarda tıxac problemi bitmək bilmir - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Badamdar qəsəbəsinin yol problemi aylardır ki, davam edir. Bir neçə ay öncə qəsəbənin giriş hissəsində magistral yolda aparılan təmir işləri səbəbindən burada daim tıxac olduğunu yazmışdıq. Musavat.com-un məlumatına görə, artıq yol təmiri işləri qəsəbənin mərkəzinə çatıb və eyni tıxac problemi bu dəfə bir neçə yüz metr irəlidə sakinlərin hərəkətinə çətinlik yaradır. 
Yolun 20-ci sahə istiqamətində olan hissəsi hərəkətə qapandığı üçün həm fərdi avtomobillər, həm də marşrut avtobusları yollarını dəyişərək, qəsəbənin ara yolları ilə yaşayış binalarının arasından keçərək, irəliləməli olurlar. 
Təmir aparılan ərazidə Bakı Şəhər İcra Hakimiyyətinin xəbərdarlıq lövhəsi olsa da, sürücülərə alternativ yollar təklif edən hər hansı istiqmatləndirici yol nişanına rast gəlinmir. 
Sürücülər alternativ yol kimi qəsəbənin Əziz Nəzərov və Tofiq Məmmədov küçələrindən istifdadə edirlər ki, bu yollar da çoxlu sayda avtomobilin intensiv hərəkəti üçün nəzərdə tutulmayıb. Həddindən artıq ensiz və sərt döngələrdən ibarət yolda daha çox əziyyət çəkənlər isə marşrut avtobuslarının və irihəcmli avtomobillərin sürücüləridir.
Ensiz küçələrdə qarşı-qarşıya gələn avtomobillərin rahat keçməsi üçün imkan olmadığından uzun tıxaclar yaranır və yolda hərəkət ləngiyir. Əziz Nəzərov küçəsində 20-25 dəqiqə tıxacda qalan sürücülər növbəti addımda Tofiq Məmmədov küçəsində yenidən tixacla üzləşirlər. 
Xüsusən də günün pik saatlarında yüzmetrlərlə uzanan tıxac yaranır. Bəzi avtomobil sürücüləri isə tıxacdan xilas olmaq üçün piyadaların hərəkət etdiyi səkilərə çıxmağa cəhd edirlər ki, bu da qəza şəraiti yaradır. 
Yollarda aparılan təmir işləri marşrut avtobuslarının hərəkət xəttinin dəyişməsinə səbəb olur. Badamdar qəsəbəsi istiqamətində hərəkət edən 5, 29, 3 nömrəli marşrut avtobusları məhəlləarası yollardan istifadə edirlər ki, bu da sərnişinlər arasında çaşqınlıq yaradır. Və bəzən köhnə dayanacaqlarda saatlarla gözləməli olurlar. 
Digər tərəfdən, dar küçələrdə hərəkət etmək məcburiyyətində qalan irihəcmli avtobusların hərəkət sürəti azaldığı üçün intervala gecikməli olurlar. Nəticədə bəzən sakinlər gedəcəkləri ünvana piyada üz tutmaq məcburiyyətində qalırlar.
Magistral yolda aparılan təmir işlərinin isə nə zaman yekunlaşacağı bəlli deyil. Təmir işlərinin hələ bir neçə ay da davam edəcəyini nəzərə alsaq, sakinlərin bu tıxaclardan tezliklə xilas olacaqları inandırıcı görünmür. 























Qaynar.info