Vitse-spiker yerlərdə millət vəkillərinin köməkçilərinin piyada getməli olduqlarını deyib
"Millət vəkilləri üçün yerlərdə qəraragahlar və ofislər tikilməlidir". ANS PRESS-in verdiyi xəbərə görə bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib. Vitse-spiker hər bir deputat üçün dairələrdə 2-3 otaqlı ofislərin tikilməsini təklif edib: "İşləmək üçün onlara yerlərdə qərargahlar tikilməlidir. Deputatın yerlərdə ofisi olmalıdır. Bu gün rayonlarda inkişaf var. Bunu həyata keçirmək olar. İcra orqanları deputatları xidməti telefonla təmin etməlidir".
Bahar Muradova yerlərdə millət vəkillərinin nəqliyyat vasitələrinin olmadığını və onların köməkçilərinin piyada getməli olduqlarını da söyləyib. "İcra orqanlarının xoşuna gəlsə də, gəlməsə də deyəcəm ki, yerlərdə deputatlar nəqliyyat vasitəsiz qalırlar. Deyirlər ki, millət vəkillərinin bir çox imkanları var, özləri öz problemlərini həll etsinlər. Millət vəkilinin nəqliyyat vasitəsi yoxdur. Onun sürücüsü var. Bizim sürücülərimiz təkcə maaş alır. Ezamiyyət xərcləri də var. Azərbaycan hökumətini, Maliyyə Nazirliyini qarşıdakı illərdə bu problemləri həll etməkdə kömək etməyə çağırıram”.
Bahar Muradova səsləndirdiyi təkliflərin öz təşəbbüsü olduğunu qeyd edib.