Bakı Avropa Liseyində 1-ci siniflərə keçirilən qəbul prosesində obyektivlik prinsipləri pozulub.
Qaynarinfo-ya daxil olan məlumata görə, imtahan prosesində şagirdlərə yalnız karandaşdan istifadə etməyə icazə verilib. İmtahan prosesinin karandaşla keçirilməsi isə ona sonradan istənilən müdaxiləni mümkün edir. Elə bir çox valideynlərin narazılığı da bundan sonra başlayıb. Belə ki, imtahandan keçməyən şagirdlərin valideynlərinin telefonuna apelyasiya şikayəti ilə bağlı mesaj göndərilib və bunun üçün gün təyin edilib. Lakin, apelyasiya şikayəti də imtahandan fərqlənməyib. Belə ki, hər hansı bilik yoxlaması keçirilmədiyi halda tanışlıq söhbəti aparılıb. Bu zaman isə yalnız lisey rəhbərlərinə məlum olan kriteriyalara cavab verənlərin şikayəti təmin olunub. Digərləri isə ən sadə dillə desək, "yola verilib”. Yəni lisey rəhbərliyinin apelyasiya adı altında təşkil etdiyi bu şou nəticəsində qeyd etdiyimiz kimi bir qrupun maraqları təmin edilib.
Liseyin direktoru Zülfiyyə Veysovanın apelyasiyanı formal şəkildə keçirməsi valideynlərdə haqlı olaraq narazılıq doğurub və əsaslı şübhələr yaradıb.