
"Bakı metrosunun, demək olar ki, hər stansiyasında qaraçı və dilənçilərə rast gəlinir.
Bu utancverici hadisədir. Bu yaxınlarda Avropadan olan qonaqlarım ilə metroya girdim. Hər iki stansiyadan bir vaqona qaraçı uşaqlar daxil olaraq pul istəyirdilər. Belə bir təəssürat yaranır ki, qaraçılar polislə işbirliyindədirlər. Çünki polisə müraciət etsək də, heç bir reaksiya olmadı".
Milli.Az xəbər verir ki, bu sözləri Day.Az saytının redaksiyasına göndərdiyi məktubda Rüfət adlı oxucu qeyd edib.
Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Bakı Metropoliteninin mətbuat katibi Nəsimi Paşayevlə əlaqə saxlayıb.
"Metropoliten rəhbərliyinin səyyar ticarət və dilənçiliyin qarşısının alınması ilə bağlı göstərişi var. Bu şəxslərin metrodan çıxarılması ilə polis məşğul olmalıdr. Ola bilər ki, onlardan hansılarsa metroya girə biliblər, ancaq ümumilikdə bu məsələni nəzarətdə saxlamağa çalışırıq. Polisin dilənçilərlə işbirliyində olması barədə isə heç nə deyə bilmərəm. Polis bizim quruma tabe deyil", - Metropoliten rəsmisi qeyd edib.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat katibi Qalib Vəliyev isə qeyd edib ki, hüquq mühafizə orqanları daima bu cür hallarla mübarizə aparır: “Bu cür faktların bəlli olmasından sonra həmin şəxslərin tutulması üçün tədbirlər görülür. Dilənçilərin tutulmasından sonra onlar yerindəcə qeydiyyatdan keçməyə göndərilir. Guya polislərin dilənçilərlə bir yerdə işləməsi ilə bağlı gəzən söz-söhbət həqiqəti əks etdirmir. Bizim əsas vəzifəmiz paytaxt əhalisinin təhlükəsizliyini təmin etməkdir. Biz özümüz də maraqlıyıq ki, metrolarda bu tip insanlar olmasın. Məsələn, metroya sərxoş şəxsin daxil olduğu müşahidə olunsa, onun dərhal uzaqlaşdırılması üçün tədbirlər görülür”, - deyə həmsöhbətimiz bildirib.
Qeyd edək ki, paytaxtın ictimai nəqliyyatında, metroda olan dilənçilərin əksəriyyəti ehtiyacı olan şəxslər sırasına daxil deyillər. Bu sadəcə biznesdir və bu hər kəsə də çox yaxşı bəllidir. Belə şəxslərin ictimai yerlərdə görülməsi bizim şəhərin imicinə zərər vurur. Buna görə də cavabdeh strukturların insanların hisləri ilə oynayan bu kimi “biznesmenlər”lə mübarizəni gücləndirmələrinə ehtiyac var.
Qaynar.info