Xəbər lenti

Bakı-Qazax qatarında Wi-Fi-a görə səs-küy saldı - Həbs edildi
Ölkə 11:21 19.06.2026

Bakı-Qazax qatarında Wi-Fi-a görə səs-küy saldı - Həbs edildi

Bakı-Qazax sərnişin qatarında içkili halda Wi-Fi xidmətindən narazılıq edən sərnişin həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 1962-ci ildə Şəmkir rayonunda anadan olmuş İsmayılov Həsənağa İsmayıl oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə tərtib olunmuş protokola məhkəmədə baxılıb. 

Məhkəmədə məlum olub ki, hadisə ötən ayın 30-da, saat 22:05 radələrində baş verib. Bakı-Qazax sərnişin qatarında səyahət zamanı qatar Gəncə şəhərinin ərazisində olarkən Həsənağa İsmayılovla xanım bələdçi arasında mübahisə yaranıb. Təqsirləndirilən şəxs bildirib ki, o, daimi olaraq qatardan istifadə edir. Bilet alan zaman qatarda Wi-Fi xidmətinin mövcudluğunu əsas meyar kimi rəhbər tutsa da, indiyədək qeyd olunan xidmətdən yararlana bilməyib və bununla bağlı aidiyyəti qurumlara yazılı müraciətlər ünvanlayıb.
 
Hadisə günü qatara mindikdən sonra Wi-Fi reklamının şəkilini çəkib, daha sonra qatarın bələdçisinə yaxınlaşaraq internet xidmətinin aktiv olub-olmadığını soruşub. Xanım əməkdaş Wi-Fi xidmətinin olmadığını bildirərək ondan uzaqlaşıb. Bundan sonra edilən şikayət əsasında saxlanılıb. 

Həsənağa İsmayılov qatarda səs-küy yaratdığı üçün əməldən qismən peşman olduğunu bildirib, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilib. O, İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirli bilinərək 5 gün müddətinə həbs olunub. Hadisə 20 gün əvvəl baş verdiyindən Həsənağa İsmayılov artıq azadlığa buraxılıb. 

Aydın
--> -->