
Keçmişdən bu günə baxsaq, Şərqin qapısı hesab edilən Azərbaycanda, əsasən də keçmiş SSRİ xalqları arasında turist qəbuluna görə öndə gedən ölkəmizdə, son 10 il ərzində bu yolda geriləmə müşahidə olunurdu.
Avropa ilə ayaqlaşmağa çalışan dövlətimiz həmişə qonşu ölkələrdən xeyli sayda qonaq qəbul edərdi. Əsasən də paytaxta axın edən turistlər sübhdən çimərliklərə axışar, gecələr isə Bakı buxtasında, dənizkənarı bulvarda gəzib dincələrdilər.

Azərbaycana gələn əcnəbilərin bir çoxu paytaxtdan əlavə, bölgələrə də üz tutardılar. Həmin yerlərin adlarını sadalasaq, bir qədər çox olar, ancaq əsas yerlərdən biri də Mingəçevir və Xaçmaz rayonları idi. Buranın havasının təmizliyi, həm də şəhərin özünün təmiz olması qonaqların zövqünü oxşayardı.
İqtisadi tərəfdən də Azərbaycana xeyir gətirən bu mənzərə, çox təəssüflər olsun ki, çox çəkmədi. Təxminən 2000-ci illərin əvvəllərindən get-gedə turist axınının azalması yerli turistlərimizin də xaricə üz tutması ilə nəticələndi.
Öncə yerli tursitlərimizdən söz açaq.
Mətbuatda bu mövzu üzərindən axtarış etsək, xeyli yazılar tapa, videoreportajlar izləyə bilərik. Sorğuların nəticəsində yerli turist qıtlığının birinci səbəbi otel və mehmanxanaların baha olması göstərilir. Sakinlər Azərbaycanda 5 gün istirahətə xərclədikləri pulun yarısına xaricdə bir həftəlik uçuş pulu daxil "all inclusive" (hər şey daxil) otel götürdüklərini söyləyirlər!
Qayıdaq milleniumun əvvəlinə. O illərdən bəri turist axının azalmasının əsas səbəblərindən biri də manatın dollara nisbətən bahalaşması olub. Bunu son bir həftə ərzində Novruz bayramını qeyd etmək üçün əsasən Bakıya Şərqdən axın edən turistlər də təsdiq ediblər.

Bayram girər-girməz paytaxta gələn xeyli sayda iranlı və iraqlı turistlər burada uzun zamandır olmadıqlarını və Bakının xeyli dəyişib gözəlləşdiyini bildiriblər. Onlar əvvəllər bu ərəfələrdə Türkiyəyə, xüsusən də İstanbula üz tutduqlarını söylədilər. Ancaq son vaxtlar orada törədilən terror aktlarına görə sözügedən şəhərə getmədiklərini, Azərbaycanı seçdiklərini dedilər.
Turistlər keçmişdə buraya tez-tez gəldiklərini, ancaq manatın qalxmasından sonra Azərbaycanda istrahətin maddi tərəfdən sərf etmədiyini bildirdilər.
Bakıya üz tutan turistlərlə bağlı bir neçə otel sorğumuzu cavablandırdı.
"Lake Palace"ın əməkdaşı açıqlamasında bildirdi ki, əsasən 15 mart tarxindən bu yana paytaxtımıza üz tutan turistlərin çoxu İran İslam Respublikasındandır. Sayları çox olduğuna görə dəqiq neçə nəfər olduqlarını deyə bilmədilər.
"Qafqaz Baku City Hotel"də turistlərin çoxunun İrandan olduqlarını söylədilər.
"İnturist Hotel"dən isə Novruz bayramı ərəfəsində Bakıya üz tutan turistlər arasında ən çox iraqlı və iranlıların olduğunu dedilər. Onların çoxunun hələ də paytaxtda olduqlarını və 10 günlük tur-paket götürdüklərini bildirdilər. //milli.az
Qaynar.info