“Bu il payız-qış mövsümündə 3500 yaşayış binasının, 281 məktəbin, 155 uşaq bağçasının, 150 səhiyyə müəssisəsinin və 431-ə yaxın digər sosial obyektlərin istiliklə təmin olunması nəzərdə tutulub”.
Bu barədə AzNews.az-a Azəristiliktəchizat ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib. O, bildirib ki,payız-qış mövsümünə hazırlıqla əlaqədar “Azəristiliktəchizat” ASC tərəfindən yeni istilik təchizatı mənbələrinin yaradılması, mövcud qazanxana və istilik məntəqələrinin bərpası, yenidən qurulması, modernləşdirilməsi, qazanxanaların qaz təchizatının təmin edilməsi üçün yeni qaz xəttinin çəkilməsi, magistral və məhəllədaxili istilik xətlərinin yenisi ilə əvəz edilməsi, sosial obyektlərin aşağı paylayıcı və binadaxili istilik sistemlərinin bərpası və yaşayış binalarının aşağı paylayıcı istilik sistemlərinin yenidən qurulması istiqamətində tədbirlərin icrası davam etdirilir. Azəristiliktəchizat növbəti istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində cari profilaktiki təmir işləri başa çatdırılaraq qışa hazır vəziyyətə gətirilib. Belə ki, qazanxanalarda olan nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənib, qazanlarda istismarın etibarlığını təmin etmək üçün nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib, Magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin olunub:
“Bundan başqa 2014-ci ilin investisiya proqramı çərçivəsində “Azəristiliktəchizat” ASC tərəfindən yaşayış binaları və sosial obyektlərin istilik təchizatının bərpası istiqamətində 370 müxtəlif tipli layihələr həyata keçirilib. Bu layihələrin icrası olaraq 9 yeni qazanxana tikilib, 15 qazanxananın müasir tipli avadanlıqlarla təmin olunaraq yenidən qurulub, 8 obyektdə modul tipli və kaskad tipli istilik mənbəyi yaradılıb, 7 istilik məntəqəsi yenidən qurulmaqla qazanxanaya çevrilib, qazanxanaların qazlaşdırılması ilə əlaqədar 48 layihə icra olunub, 4 məktəbin, 3 uşaq bağçasının, 3 səhiyyə müəssisəsinin və 4 digər sosial obyektin aşağı paylayıcı və binadaxili istilik sistemləri, 270 yaşayış binasının aşağı paylayıcı istilik sistemləri yenidən qurulub”. Yeni yaradılan bütün istilik mənbələrində Almaniya, İtaliya və Türkiyədə istehsal olunan müasir tipli avadanlıqların quraşdırıldığını deyən ASC rəsmisinin sözlərinə görə, həyata keçirilmiş tədbirlər nəticəsində “Azəristiliktəchizat” ASC tərəfindən növbəti payız-qış mövsümündə 539 qazanxana və 115 istilik məntəqəsinin fasiləsiz və etibarlı iş rejimi təmin ediləcək. Onların vasitəsilə 2014/2015-ci illər payız-qış mövsümündə 3500 yaşayış binasının, 281 məktəbin, 155 uşaq bağçasının, 150 səhiyyə müəssisəsinin və 431-ə yaxın digər sosial obyektlərin istiliklə təmin olunması nəzərdə tutulub. Bundan başqa sakinlər tərəfindən müraciətlərin operativ olaraq qəbul edilməsi, araşdırılması və zəruri tədbirlərin görülməsi məqsədi ilə “Azəristiliktəchizat” ASC tərəfindən 956 saylı “Qaynar xətt” istifadəyə verilib ki, bu da sakinlərin ərizə və şikayətlərinin qısa müddət ərzində araşdırılaraq istehlakçıların fasiləsiz və keyfiyyətli istilik enerjisi ilə təmin olunmasına şərait yaradacaq.