Xəbər lenti

Bakı Ukrayna böhranından Qarabağ probleminin tam həlli üçün yararlana bilər
Ölkə12:47 01.03.2022

Bakı Ukrayna böhranından Qarabağ probleminin tam həlli üçün yararlana bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ukrayna böhranı fonunda müxtəlif aspektlərdə ağır duruma düşən Rusiyanın Bakıya ehtiyacı yarana bilər. Belə vəziyyətdə Azərbaycan üçün Qarabağla bağlı hələ də həllini gözləyən bir sıra problemlərin həllinə imkan yaranar”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Bakının Qarabağda qalan erməni tör-töküntülərdən ibarət hərbi dəstələrlə bağlı 10 Noyabr bəyannaməsinin həllinə nail olmaq üçün Ukrayna olaylarından necə yararlana biləcəyindən danışarkən deyib: 
"Ukraynada baş verən müharibə və onun nəticələri deməyə əsas verir ki, getdikcə Rusiya öz mövqeyini itirir. Rusiya zəiflədikcə isə onun Azərbaycan kimi strateji ölkələrə daha çox ehtiyacı olacaq. Çünki Moskva dünyada təklənir. Bu ölkənin iqtisadi-ticari, nəqliyyat-kommunikasiyalar, hava məkanı baxımından bütün çıxışları bağlanır. Belədə, Rusiyanın bu istiqamətdə çıxış yolları getdikcə daralır. Rusiya bankları ilə əməliyyatlar aparılması məsələsində də ciddi məhdudiyyətlər qoyulub. Beynəlxalq pul köçürmə sistemi Rusiyaya ciddi zərbə vuracaq. 
Belə vəziyyətdə Azərbaycanın iştirakı ilə ölkəmizdən keçməklə yeni kommunikasiya sistemləri yaranır. Şimal-Cənub nəqliyyat dəhlizi kontekstində Naxçıvandan İrana dəmir yolunun açılması Moskvanın Azərbaycan vasitəsilə Hindistana qədər quru yolunun əldə edilməsi demək olacaq. Bu faktlar göstərir ki, ticari-iqtisaddi, maliyyə sanksiyalarına məruz qalan şimal qonşumuz özü üçün çıxış yolları aramalı olacaq”. 
 
Yaranmış durumda həmsöhbətimizə görə, Moskvanın bir sıra digər ölkələr kimi Azərbaycana da ciddi ehtiyacı olacaq: 
"Bu isə Azərbaycanın mövqeyini gücləndirən amildir. Bakı bu yöndə Rusiyaya müəyyən imkanlar tanıdığı təqdirdə, bunun qarşılığı, əvəzi də olmalıdır. Yaranmış vəziyyət belədə Azərbaycanın bütün ərazilərində suveren hüquqlarının tam olaraq bərpasına şərait yarada bilər. Düşünürəm ki, bundan istifadə edərək Bakı həmin istiqamətdə konkret addımlar da atacaq. Vəziyyətdən istifadə edərək Azərbaycan ilk növbədə 10 Noyabr bəyannaməsindən irəli gələn müddəalara uyğun olaraq qanunsuz erməni silahlılarının Qarabağdan çıxarılmasına, Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasına çalışmalıdır. Ukraynada baş verənlər müstəvisində Rusiyanın düşdüyü ağır durum Azərbaycanın bir sıra problemlərini qısa zamanda həll etməyə imkan yaradan amildir. Bundan yararlanmalıyıq”.
Rüfət Sultan