Paytaxtdaki məhəllələrdən birində torpaq sürüşməsi aktivləşib. Bu da yaxınlıqda yaşayanlar arasında təşvişə səbəb olub. Hadisəni işıqlandırmaq üçün əraziyə üz tutan ANS əməkdaşları da torpaq uçqunun şahidi olublar.
ANS TV-nin məlumatına görə, Bakının Xətai rayonu, Gəncə prospekti, 78 ünvanında torpaq sürüşməsi qeydə alınıb. Nəticədə binanın arxasında yerləşən hündür torpaq qatının bir hissəsi çökərək yerə tökülüb.
Sakinlərin dediyinə görə, su borusu partladığından burda torpaq sürüşməsi daha da aktivləşib. Binanın sakinləri artıq bu hadisədən təşvişə düşüb.
Əraziyə baxarkən məlum olur ki, yuxarıdan torpaq sürüşərsə aşağıda yerləşən məktəb və yaşayış binası üçün də təhlükə yarada bilər. Torpaq qatında yaranan iri çatların isə dərinliyi çox böyükdür.
Ərazidə yaşayanların sözləriənə görə, yuxarıda yerləşən həyət evləri çirkab sularını çox vaxt bura axıdır. Üstəlik bir neçə gün bundan öncə su borusunun partlaması sütüşmə prosesini daha da aktivləşdirib. Sakinlər deyir ki, borunun təmiri yarımçıq saxlanılıb. Buna görə də zədəli borudan sızan su sürüşmə zonasına axır.
Su borusunda baş vermiş qəzanın aradan qaldırılması üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildirildi ki, həmin boru tezliklə təmir ediləcək.
Ərazidə doğuran sürüşmə prosesi aktivləşibmi? sualını Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yönləndirdik. Nazirlikdən verilən məlumata görə, əraziyə baxış keçirilib orada sürüşmə prosesi aktivləşməyib sadəcə su borusunun partlaması və axan suyun torpağa təsirindən uçqun əmələ gəlib. Baş verənlərlə bağlı aidiyyati qurumlar məlumatlandırılıb.