
Bakıda bir birinin ardınca yanan iki hündürmərtəbəli binada sürətlə əsaslı təmir işləri aparılır. ANS PRESS olaraq hadisə yerində reportaj apararkən bunun şahidi olduq.
İlk öncə bu ilin aprel ayının 11-də Bakının Xətai rayonunda yanan binaya baş çəkdik. Binada təmir işləri artıq yekunaşmaq üzrə idi. Binanın üzü artıq suvanıb. Sakinlər də aparılan təmir işlərilə maraqlanmaq üçün əraziyə gəlirlər. Binanın altındakı mağaza isə artıq işləyir.
Xətai rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, yanan bina sakinləri tezliklə evlərinə köçə bilcəklər. Qurumun iqtisadi və sosial təminatı şöbəsinin rəisi Zaməddin Əkbərov ANS PRESS-ə verdiyi məlumata görə, yanğın nəticəsində ziyan dəyən 60 mənzilin təmiri yekunlaşmaq üzrədir.
“Demək olar ki, artıq hər şey yekunlaşıb. Mənzili yanan sakinlərə 15 min manat kompensasiya verilib. Mənzilləri dövlət hesabına təmir olunub. Yaxın günlərdə sakinlər evlərinə köçə bilcəklər”.
Qeyd edək ki, bu ilin aprel ayının 11-də Bakının Xətai rayonunda 111 mənzil olan binanın fasadından yanğın başalayıb. Nəticədə 60 mənzil külə dönmüşdü.
Bakının Binəqədi rayonunda yanan binada da təmir işləri sürətlənib. Ərazidə olan zaman binanın yanan üzlüyünü təmizləndiyini gördük. Ətrafdan keçənlərin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi hasarlanıb.
Binəqədi rayon İcra Hakimiyyətindən bildirilir ki, belə davam edərsə, təmir işləri qoyulmuş 5 ay müddətindən tez tamamlanacaq. Qurumun mətbuat xidmətini rəhbəri Nuridə Allahyarovanın ANS PRESS-ə verdiyi məlumata görə, binanın təmirində heç bir problem yaranmayıb.
“Bina sakinlərinin hamısı yaşayış yeri ilə təmin olunub. Hər gün onların vəziyyətilə maraqlanırıq. Hansısa problem yaranarsa, çalışırıq ki, köməklik edək. Binanın əsaslı təmiri də sürətlənib. Çalışılacaq ki, 5 ay müddətinə bina təmir olunsun və sakinlərə təhvil verilsin”.
Qeyd edək ki, bu ilin may ayının 19-da Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binası yanıb. Hadisə nəticəsində 15 nəfər ölüb, 56 nəfər xəsarət alıb.
Qaynar.info







