Azərbaycan cəzaçəkmə müəssisələri sürətlə məhkumların qətliam məntəqəsinə çevrilməkdədir. Fevralın 12-də Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində 2 məhkum döyülərək öldürülüb, digər 2 məhkum isə ölümcül halda Məhkumların Müalicə Müəssisəsinə aparılıb. 2 məıhkumun aqibəti haqda isə heç bir məlumat yoxdur.
Bu haqda “Yeni Müsavat”a daxil olan məlumatı öldürülən məhkumlardan birinin qardaşı Ramin İbrahimov təsdiqləyib: “Zəng edib dedilər ki, Nurani mədə ağrısından ölüb, meyiti morqdadır. Getdik gördük ki, onun ayaqları sındırılıb, dabanları qapqara idi. Ciyərini vurub partladıblar. Qardaşımın günahı olubsa, bunun üçün qanun var. Nəyə görə döyüblər? Niyə öldürüblər onu?”
Onun sözlərinə görə, qardaşı 1993-cü il təvəllüdlü Nurani İbrahimov 10 gün əvvələ qədər 2 saylı cəzaçəkmə müəssisəsində olub: “Ora Elçin Əlicanavov 10 gün əvvəl rəis təyin oliundu. Bundan sonra qardaşımı və daha 5 məhkumu “şestoy”a (6 saylı cəzaçəkmə müəssisəsinə -E.M) köçürdülər. Elçin Əlicanov bizə onları hara köçürdüklərini belə demədi. “Voronok”un(dustaq daşınan maşın) dalınca düşüb “şestoy”a gəlib çıxdıq. Orada rəis Əlidir. O dedi ki, heç bir problem yoxdur, hər şey yaxşıdır. Səhəri gün Nuraniyə yemək, paltar apardıq, qəbul eləmədilər. Dedilər ki, qəbul eləmirik. Bir də dünən axşamtərəfi 2 saylı müəssisəsinin əvvəlki rəisi Eyvaz müəllim zəng elədi ki, Nuranin mədəsində ağrı olub və ölüb. Getdik morqa. Gördük ki, ayağını sındırıblar. Ciyərini partladıblar. Dabanları qapqara idi, şişmişdi. Dəyənəklə ayağının altına vurublar, ayağını sındırıblar. Buna görə də biz meyiti morqdan 6 saylı müəssisəinin qabağına aparmaq istədik”
R.İbrahimov deyib ki, digər öldürülən məhkumun meyiti Gəncəyə yola salınıb: “2 saylı müəssisəsdən “şestoy”a Nurani ilə birgə aparılan Sahib Abbasovu da döyüb öldürüblər. Onun meyitini Gəncəyə apardılar. O biri məhkumlar Elmirlə Tariyelin də vəziyyətləri ağırdır. Xəstəxanaya aparıblar. O biri 2 məhkumun kimliklərini, vəziyyətləri haqda xəbərim yoxdur”.
Musavat.com-un məlumatına görə, 7 il müddətinə azadlıqdan məhrum edilmiş Nurani İbrahimov cəzasının 4 ildən çoxunu Bakının Binə qəsəbəsindəki 2 saylı cəzaçəkmə müəssisəsində çəkib. Bu yaxınlarda həmin müəssisəyə yeni rəis təyin edilib. Yeni rəisin gəlişi ilə Nurani İbrahimov və daha bir neçə məhkum Bakının Nizami rayonu ərazisindəki 6 saylı cəzaçəkmə müəssisəsinə göndərilib. Maraqlıdır ki, Nurani İbrahimov yeni həbsxanaya çatan kimi karserə salınıb. Orada 2-3 gün qaldıqdan sonra məhkumun ailəsinə ölüm xəbəri verib. Yaxınları sonuncu dəfə cəzaçəkmə müəssisəsində fevralın 11-də olublar. Onlara Nuraninin karserdə olduğu bildirilsə də, onun intizam pozuntusu barədə məlumat verilməyib. Bir neçə saat sonra isə Nurani İbrahimov dünyasını dəyişib. Fevralın 12-də atasına onun ölüm xəbəri verilib, meyitin təhvil alınması üçün Nizami Rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə çağırılıb. Ata oğlunun başında və bədəninin müxtəlif yerlərində qançırlar aşkarlayıb.
Qeyd edək ki, Nurani İbrahimovun atası Fuad İbrahimov şairdir. Onun Heydər Əliyevə həsr etdiyi “Ölməz prezident” şeirinin sözlərinə bəstələnmiş eyniadlı mahnını Gülyaz və Gülyanaq Məmmədova bacıları ifa ediblər.
O ki qaldı, Nurani İbrahimovun 7 il müddətinə azadlıqdan məhrum edilməsinin səbəbinə, o, Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib. Nurani İbrahimov söyüş üstündə bir nəfəri bıçaqlayıb. Zərərçəkənin həyatını xilas etmək mümkün olub və o, sağ qalıb.