Xəbər lenti

Bakıda ağacları kəsib polis və məhkəmə binası tikirlər
Ölkə19:24 01.05.2015

Bakıda ağacları kəsib polis və məhkəmə binası tikirlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının daha bir rayonunda ağacları kütləvi şəkildə qırmağa başlayıblar. Bu barədə virtualaz.org saytına oxucular məlumat verib. Onların sözlərinə görə, “yaşıl soyqırımı” bu dəfə Xətai rayonu, Əbilov qəsəbəsindəki yaşıllıq zolağıdır.
“Əbilov qəsəbəsindəki bu park hələ illər öncə salınıb. Oradakı ağacların çoxunu 221 saylı orta məktəbin şagirdləri əkmişdi. Məktəbin kollektivi burada tez-tez iməcilik keçirir, ağaclara qulluq edirdi. Qəsəbə sakinlərinin sevimli istirahət guşələrindən biri olan həmin park indi hasara alınıb. Görünür, bu ərazi kiminsə xoşuna gəlib, oranı alıb, indi də yaşıllığı məhv edərək orada özünə obyekt tikir” - deyə qəsəbə sakinləri bildirir.
Virtualaz.org saytı Xətai sakinlərinin bu şikayəti ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) müraciət edib. Nazirlikdən faktla bağlı araşdırma aparacaqları bildirildi və bununla bağlı əlavə məlumat veriləcəyi deyilib.
ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova az sonra redaksiya ilə əlaqə saxlayaraq bildirib ki, bu məsələ nazirlik tərəfindən araşdırılıb: “Araşdırma zamanı onu dəqiqləşdirdik ki, həmin ərazidə şəxsi obyekt tikilmir. Burada Xətai Rayon Polis İdarəsi və Xətai Rayon Məhkəməsi üçün inzibati binaların tikintisi planlaşdırılır. Lakin tikintini aparan icraçılar nazirliyi əmin etdilər ki, bu ərazidə heç bir ağac kəsilməyəcək, oradakı ağac və kollar çıxarılaraq başqa yerə köçürüləcək. Onların dediyinə görə, ağaclar köçürülməyə yararlıdır. Bu zaman onların heç biri quruyub məhv olmayacaq”.
Bizə hələlik inşaatçıların bu vədinə inanmaq qalır. Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Departamentinin öhdəsinə isə daha böyük iş düşür - inşaatçıların öz vədinə necə əməl etdiyini nəzarətdə saxlamaq...
Qaynar.info