
Xəbər verildiyi kimi, bu gün saat 11.00-da Bakıda ATEV (Azərbaycan-Türkiyə Evi) təşkilatının təşəbbüsü ilə “Atatürk və Türk Milləti” adlı simpozium öz işinə başlayıb.
Bu barədə musavat.coma xəbər verən "Yeni Müsavat" reportyorunun sözlərinə görə, Azərbaycan Türkiyə Evinin və Azəri Türk Qadinlar Birliyinin təşkilatçılığı ilə keçirilən simpoziuma 9 ölkədən 17 araşdırmaçı gəlib.
Bu sırada Türkiyədən Fatmagül Dəmirəl, Makedoniyadan Erdoğan Saraç, ÇİN Xalq Respublikasından Rukiyə Hacı, Bolqarıstandan İsmail Cambazov, Qazaxıstandan Yermentay Sultan Murad, Özbəkistandan Şohistəxon Uljayeva, Tursunay Türksoy, Dağıstandan Hacı Murad Donoqo, Quzey Kıbrıs Türk Cümhuriyyətindən Emete Adıgözəlli, Dağıstandan Almaz İsmayılova, Rusiyadan Kamil Əliyev, Qazaxıstan Elmira Zülpiharova, Bolqarıstandan Çengiz Hakov var. Toplantı iştirakçıkarı arasında Türkiyə Böyük Millət Məclisinin üzvü Senol Bal, keçmiş millət vəkili Canan Artman, TUSİAB-dan Selcuk Düzgün də var.
Simpoziumda Azərbaycanın millət vəkilləri – Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, “Atatürk” Araşdırmaları Mərkəzinin rəbhəri Nizami Cəfərov, Azərbaycan tarix elminin ünlü siması Süleyman Əliyarlı işirak edir.
Bununla yanaşı, Qazaxıstan, Özbəkistan, Macarıstan, Makedoniya, Krım, Quzey Kıprıs, Bolqarıstan, Yunanıstan, Güney Azərbaycan, Doğu Türküstan, Dağıstan və digər ölkələrdən “Türk Dünyası və Mustafa Kamal Atatürk” mövzusunda elmi tədqiqatlar aparmış mütəxəssislər simpoziumda təmsil olunurlar.
Simpoziumu açıq elan edən Azəri Türk Qadinlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı qonaqları salamladıqdan sonra məclis iştirakçılarını türk dünyası şəhidlərinin ruhuna 1 dəqiqəlik sayğı duruşuna dəvət edib. Daha sonra Azərbaycan və Türkiyə dövlətlərinin himni səslənib.
Çıxışına davam edən T.Rüstəmxanlı bildirib ki, Mustafa Kamal Paşa bütün dövrlər üçün Türk dünyasının ən böyük isimlərindən, ən böyük siyasətçilərindəndir.: “Mustafa Kamal Paşa hər şeydən öncə ona görə dəhadır ki, o, çökmüş, işğal edilmiş Osmanlı torpaqlarında adında türk sözü olan dövlət qurdu. Bu dövlət bu gün də Türk dünyasının öncülüdür”.
Saat 15.00-da isə www.atev.az saytının təqdimatının keçirilməsi və ATEV tərəfindən “Atatürk və Türkçülük” mövzusunda elan edilmiş müsabiqəyə yekun vurularaq qaliblərə mükafatların verilməsi , simpoziumda iştirak edən qonaqlara ATEV-in adından ödüllər təqdim olunması gözlənilir. Tədbiri işıqlandırmaq üçün bir çox dövlətlərin media nümayəndələrinin də iştirak edəcəyi gözlənilir.
Qaynar.info




