
Paytaxtda bahalı maşınlara divan tutan cinayətkarlar peyda olub.
Qaynar.info Milli.Az-a istinadla xəbər verir ki, ötən gün gecə saatlarında Yasamal rayonu ərazisində iki son model avtomobilə sözün əsl mənasında divan tutulub.
Yasamal rayonu Həsənbəy Zərdabi küçəsində yaşayan iki sakin gecə avtomobillərini yaşadıqları ərazinin yaxınlığında park edərək evlərinə gediblər. Səhər durduqda isə maşınlarını bərbad halda görüblər. Son model "Hyundai Sonata" və "BMW 5" markalı maşınların yan pəncərələri iri daşla sındırılıb, içi ələk-vələk edilib.
Hadisə yerində olan əməkdaşımıza maşın sahibləri bildiriblər ki, avtomobilin içərisində nə var idisə, hamısını aparıb, təkcə şəxsiyyət və sürücülük vəsiqələrini saxlayıblar. "Hyundai" markalı avtomobilin sahibinin dediklərinə görə, maşınında böyük məbləğdə pul da var imiş.
Oraya gələn polis əməkdaşı bildirib: "Son günlər Yasamal rayonu ərazisində artıq 15-ə yaxın bahalı avtomobilə gecə saatlarında bu cür hücumlar olunur. Hadisələrin hamısı araşdırılır".
Qaynar.info












