
Ötən həftə yol hərəkəti qaydalarının tələblərinə uyğun olmayaraq, mühərrikinin səsboğucularına müdaxilə edilməsi nəticəsində ətrafa yüksək səs-küy yayan xeyli bahalı avtomobil Bakının Badamdar qəsəbəsində yerləşən cərimə meydançasına aparılıb.
Avtomobili cərimə meydançasına aparılanlar arasında nəqliyyat naziri Ziya Məmmədovun qohumları və digər məşhurların övladları da var. Bu avtomobillərin sahiblərinə qaytarılması üçün 600 manat tələb olunduğu vurğulanır. Amma bu məbləğin cərimə, yaxud rüşvət olduğu bəlli deyil.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif ƏsədovModern.az saytına açıqlamasında faktı təsdiq edib.Polis polkovniki yol hərəkətinin düzgün təşkil olunması üçün avtomobil sürücülərinə müraciət edib:
“İstehsal edilən hər bir nəqliyyat vasitəsi standarta uyğun, zavodun müəyyən etdiyi tələblər üzrə olmalıdır. Müdaxilə edilir, konstruksiya dəyişikliyi aparılırsa, əlavə avadanlıq qoyulursa, bu, qanunvericilik üzrə məsuliyyətdir və 500 manatdan 800 manata qədər cəriməsi var”.V.Əsədov zavodda istehsal prosesində bu cür səsboğucu qoyulan maşınların Azərbaycana gətirilməsinə də münasibət bildirib:
“Hər kəs öz səlahiyyəti çərçivəsində fəaliyyət göstərir. Mən gömrük işçisi kimi vətəndaşa deyə bilmərəm ki, bu avtomobili gətir, yaxud gətirmə. Gömrük funksional vəzifəsinə aid olanları qeyd edir. O tələblərə uyğun fəaliyyət göstərir, onlar avro-5 standartına nəzarət edir. Mən deyə bilmərəm bu məsələlərə niyə nəzarət etmir, niyə qadağa qoymur? Amma yol polisinin səlahiyyətindədir ki, bu cür avtomobillərin istifadəsinin qarşısını alsın”.(modern.az)