Xəbər lenti

Bakıda Elçibəyin anım mərasimi keçirilib
Ölkə15:54 23.06.2013

Bakıda Elçibəyin anım mərasimi keçirilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Rəşid Behbudov adına Mahnı Teatrında mərhum eks-prezident Əbülfəz Elçibəyin anadan olmasının 75-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimə ölkəmizin bir çox tanınmış ictimai-siyasi xadimi, milli azadlıq hərəkatının veteranları və Elçibəysevərlər qatılmışdılar. 

Tədbiri giriş sözü ilə Əbülfəz Elçibəyin kürəkəni, BAB Rəyasət Heyətinin sədri  Aqil Səmədbəyli açıb. O, günün anlam və önəmi barədə zala toplaşanlara məlumat verib. A.Səmədbəyli çıxışı zamanı bildirib ki, bu anım mərasimi Əbülfəz Elçibəyin ailəsinin təşəbbüsü ilə keçirilir.

Müsavat Divanının üzvü, BDU-nun professoru Almaz Əliqızı çıxışı zamanı mərhum Elçibəyi türkün qüdrətini özünə qaytaran bir siyasətçi kimi tanıdığını qeyd edib: “Elçibəy Sovet ideoloji sisiteminin tüğyan etdiyi bir vaxtda türkün əzəmət və qüdrətini bütün dünyaya bəyan etdi. Elçibəy bu ulu millətin hər zaman dünyaya sahib olduğunu vurğulayırdı. Türk mədəniyyətinin yenidən dünyada nüfuz qazanmasına çalışırdı. O, hər zaman bu millət üçün çalışdı. Özünü heç bir zaman düşünmədi”.

Daha sonra  çıxış edən  porfessor Cəmil Həsənli isə Elçibəyi mücahid kimi xatırladığını bildirib: “20-ci əsr Azərbaycan tarixinin çox önəmli şəxsiyyətlərindən birinin doğum gününü qeyd edirik. Elçibəy böyük bir yol getmiş və özündə olduqca böyük mübarizə əzmi daşıyan bir mücahid olub. Əbülfəz bəy 60-70-ci illərdə müstəqil fikir daşıyıcısı olan bir gənclik ordusu yetişdirib. Gəncliyin müstəqil həyata hazırlanmasında Əbülfəz bəyin bir müəllim kimi böyük rolu olub. O heç vaxt jurnal yoxlamazdı. Çünki onun dərsini hər kəs səbirsizliklə gözləyirdi. Mən çalışırdım ki, onun bütün mühazirələrində iştirak edim. Onun tələbələrə dediyi mühazirələr milli davada bizlərə çox böyük kömək göstərib. Elçibəyin içərisində böyük bir türk sevgisi olub. Elçibəyin sadəliyi onu bu millətə daha da yaxınlaşdırdı. O bir daha sübut etdi ki, müstəqil olmaq azad olmaq deyil. Əbülfəz bəy bu mübarizənin hər zaman arxasında yox, önündə olacaq”.

Görkəmli şairimiz Ramız Rövşən isə çıxışında qeyd edib ki,, Əbülfəz bəyin kimliyi bu millətin kim olduğunu göstərir: ”Əbülfəz bəyi sevirsən, ya sevmirsən- bu parol kimi bir şeydir. Bəyi sevməyənlər, millətini sevmir. Elçibəy tanındıqça sevilir. O böyük müəllim və alim idi. Mən onunla çox vaxt mübahisələr etmişəm. Müxtəlif sahələri əhatə edən bizim mübahisələrimiz zamanı o hər zaman mənə bunu deyirdi “şair, həyəcanlanma”. Əbülfəz bəy Azərbaycan qadınına da, kişisinə də fərd anlaşıyını qazandırdı. Onun sadəliyi ətrafına yığışanlar günü-gündən artırdı. Onun işığı var və hər zaman olacaq”.

Elçibəyin prezidentliyi dövründə Azərbaycanın Türkiyədə baş konsulu olan Abbas Abdulla onu həsrətlə andığını vurğulayıb: “Onun ruhu yalnız müstəqil və demokratik Azərbaycanın yenidən qurulması ilə şad olacaq. O, bir siyasətçi kimi çox həssas bir insan idi. Keçirdiyi ağrı-acını heç bir zaman biruzə verməzdi. Onun siyasətçi kimliyi bizi heyran edirdi”.

Müsavat Partiyası Divanının üzvü, professor Nüşabə Sadıxlı isə çıxışı zamanı Elçibəyin özündə böyük bir cazibə qüvvəsi daşıdığını bildirib:“Elçibəy ona görə dahi idi ki, onda cazibə qüvvəsi var idi. O ilk dəfə görüşdüyü insanın sevgisini qazanırdı. O sağlığında milli davanın mücadələsini edən bir şəxs idi və bir çox təşkilat yaratmışdı. O qeyri-standart düşünməklə dahiliyini bizə göstərirdi. Bu gün hesabat günüdür. Bizlər hər birimiz onun ruhu qarşısında hesabat veririk”.

Milli-azadlıq hərəkatının veteranlarından olan Rafiq bəy İsmayıl Elçibəylə birlikdə keçirdiyi tələbəlik illərindən danışıb: “Mən onunla tələbə olan vaxtı bir yataqxanada yaşamışam. Onunla birgə siyasi fəaliyyətimizin rüşeymlərini ortaya qoymuşuq. Bizim universitetdə lider tələbələri hər kəs çox yaxşı tanıyırdı. Onlardan biri də Əbülfəz Elçibəy idi. “Azərbaycan baharı”nın əsasını Əbülfəz bəy qoydu. Həmin bahar milli demokratik qüvvələrin sayəsində bu gün də davam edir. İnanıram ki, Elçibəyin siyasi kursunu mənimsəmiş çox dəyərli siyastəçilərimiz ölkəmizi işıqlı bir gələcəyə qovuşduracaq”.

Anım mərasimin sonundagənc şair Etibar Qətribin  Elçibəy haqqında yazılmış ”Elçibəy” poeması oğlu Ərturqut Əliyevə təqdim olunub.

Yekunda çıxış edən Aqil Səmədbəyli Elçibəy ailəsinin çox böyük çətinliklər gördüyünü, amma heç bir zaman əyilməyib, sınmadığını bildirdi:“Hər kəs çox gözəl bilir ki, bu ailə Bəyin prezident olduğu vaxt da çox böyük ehtiyaclar içərisində yaşayıb. Elçibəy elə bir şəxs idi ki, heç kəsin malında, loxmasında gözü yox idi. Yetimin haqqını yeməz, haqq sözünü hər zaman dilə gətirərdi. Təbii ki, onun bu sadəliyinə çamur atanlar oldu. Amma, Elçibəyin böyüklüyü onda idi ki, o həmin şəxslərə qarşı zərrə qədər kin saxlamırdı.  Elçibəy ailəsi hər zaman onun ideyalarına sadiq qalıb və bundan sonra da o sadiqliyini nümayiş etdirəcək”. // qafqazinfo.az