Bakıda özünü dərman şirkəti sahibi kimi aparan ər və arvad həbs ediliblər.
Qaynarinfo-nun məlumatına görə, məhkəmədə "Farm Line” dərman şirkətində satış meneceri vəzifəsində çalışmış Leyla Abdullayeva və həyat yoldaşı Akşin Abdullayev xeyli sayda insanın pulunu mənimsəməkdə ittiham olunublar.
Belə ki, onların arasında ən çox zərərçəkmiş şəxs Bakı şəhər sakini Hacızadə Natavan Vaqif qızı tanınıb. Cütlük onunla birlikdə 5 nəfərin 200 min manatdan artıq pulunu mənimsəyib.
Akşin və həyat yoldaşı Leyla özünü dərman şirkəti sahibi, Türkiyə və İranda istehsal olunan dərmanların təsis etdiyi şirkəti vasitəsi ilə gömrük nəzarətindən keçirməklə Azərbaycan bazarına gətirən və satışını təşkil edən, bu sahədə geniş təcrübəyə malik etibarlı tərəfdaş kimi təqdim edib zərərçəkmişləri bu biznesin genişləndirilməsi üçün sərmayə şəklində verəcəyi pulun müqabilində gələcəkdə özünün əldə edəcəyi gəlirdən şişirdilmiş məbləğlərdə həftəlik və aylıq qazanc verəcəyinə, bu işdə heç bir zərər və riskinin olmadığına, olduğu halda belə sərmayəçilərə dəyən zərərin özü tərəfindən ödəniləcəyinə dair yalan vəd verməklə inandırıblar.
Bu yolla cütlük 6 noyabr 2018-ci il tarixdə N.Hacızadədən həmin dövrün məzənnəsi ilə 10.200 manat təşkil edən 6000 ABŞ dolları nağd pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıblar. Daha sonra ondan 79.850 manat və həmin dövrün məzənnəsi ilə 46.240 manat təşkil edən 27.200 ABŞ dolları olmaqla, yəni ümumilikdə 126.090 manat maddi ziyan vurmaqla təkrar dələduzluq ediblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Akşin və Leyla Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib. Akşinə 6 il 6 ay, Leylaya isə 4 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Əhməd