Son günlər mənzil bazarında durğunluğun hökm sürməsi qiymətlərə ciddi təsir edib. Bunu nəzərə alan tikinti şirkətləri evlərin qiymətində müəyyən qədər endirimlər edib.
Mənzil bazarında durğunluq səbəbilə ucuzlaşma davam edir. Xüsusilə də yeni tikililər ucuzlaşır. Təmirsiz yeni evlərin qiyməti kvadratmetr üzrə 7 faiz düşərək 1087 manatda qərarlaşıb.
Xəzər TV-nin məlumatına görə, ucuzlaşma ən çox Nəsimi, Xətai və Yasamal rayonlarında müşahidə olunur. Burada evlərin 1 kvadrat metrinin qiyməti 700-800 manata təklif olunur.
Ən ucuz evlər şəhər kənarında 4-cü zona kimi tanınan yerlərdə təklif olunur. Ən bahalı evlər isə şəhər mərkəzində olan 1 və 2-ci zona kimi tanınan ərazilərdədir. Ümumilikdə, ilkin mənzil bazarından fərqli olaraq təkrar mənzil bazarında daha ucuz evlərə sahib olmaq mümkündür.