Xəbər lenti

Bakıda eyvan problemi: Ölüm hadisələrinin günahkarı kimdir? - FOTOLAR
Ölkə13:45 22.05.2016

Bakıda eyvan problemi: Ölüm hadisələrinin günahkarı kimdir? - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Təmizlik edərkən eyvandan yıxıldı, səhlənkarlıq ucbatından azyaşlı uşaq eyvandan yıxılaraq öldü". Yəqin ki, bu və buna bənzər başlıq altında yazılmış xəbərləri çox oxumusunuz.
Son zamanlarda çoxmərtəbəli binalarda bu tipli hadisələr daha da artıb. Əsasən nəzarətsiz qalan uşaqlar hündürlüyü az olan eyvandan yıxılırlar. Nəticədə də bədbəxt hadisə baş verir.
Məsələn, bir neçə gün öncə Bakının Qara Qarayev prospektində yerləşən çoxmərtəbəli binanın arxasında uşaq meyiti tapılıb. Araşdırmalar nəticəsində məlum olub ki, 3 yaşlı İsa Rüstəm oğlu Vəliyev binanın 12-ci mərtəbəsindən yıxılaraq vəfat edib. Hadisə baş verən zaman İsa Vəliyevin valideynləri yuxuda olublar. Buna görə də, onun eyvana çıxdığını bilməyiblər.
Analoji hadisə Abşeron rayonunun Masazır qəsəbəsi “Yeni Bakı” yaşayış sahəsində də olmuşdu. 4 yaşlı Zəhra Bağırova yaşadığı evin eyvanından (12 mərtəbəli binanın 6-cı mərtəbəsindən) yıxılaraq hadisə yerində dünyasını dəyişmişdi. Digər bir hadisə nəticəsində paytaxtın Xətai rayon sakini, 2 yaşlı Ümüd Ağalı yaşadığı mənzilin eyvanından yıxılıb və yerindəcə dünyasını dəyişib.
Musavat.com saytı məsələni gündəmə gətirərək, belə hadisələrin yaşanma səbəblərini araşdırmağa qərar verib.
Ümumiyyətlə bir çox məsələdə olduğu kimi, bizdə adi bir eyvan belə, müşkül problemə çevrilib. Günahın kimdə olduğu bilinmir, problemin həlli yolları tapılmır və ya ümumiyyətlə bu məsələ heç kimi düşündürmür. 
Məsələn, köhnə binalarda yaşayan bəzi Bakı sakinləri eyvanlarının formasını dəyişir, eyvanın yerində otaq tikir və bu formada qanunsuz olaraq tikiliyə müdaxilə edirlər. Buna çox zaman mane olunsa da, mənzil sakini ilə dövlət nümayəndəsi arasındakı "Hörmət və izzət" prosesindən sonra məsələ öz həllini tapır. Belə müdaxilələr isə eyvanların uçması ilə nəticələnə bilər.
Yeni binalarda isə bu, ümumiyyətlə mümkün deyil. Mənzil sahibi eyvanda dəyişiklik etmək istəyən zaman dərhal yerli icra hakimiyyətinin nümayəndələri və binanın komendantı ona mane olur. Ona hər hansı bir müdaxilə etməyə icazə verilmir. Əslində bu müdaxilələr digərlərindən fərqlidir. 
Məsələn, yeni tikilmiş binalarda eyvanların hündürlüyü az olur. Mənzil sahibi hündürlüyü artıraraq təhlükəsiz eyvan şəraiti yaratmaq istəyir. Çünki başda sadaladığımız hadisələrlə qarşılaşmaq istəmir. Amma ona icazə verilmir. 
Məsələ bununla da bitmir. Yeni binaların böyük hissəsində ümumi eyvan var. Bu eyvanlar hər bir mərtəbədə olur və mənzillərdə olan eyvandan daha təhlükəlidir. Çünki hündürlüyü çox azdır. 
Bütün sadaladıqlarımızı görmək üçün paytaxtdakı yaşayış binalarına göz gəzdirmək kifayət edir. Demək olar ki, bütün binalarda vəziyyət eynidir. 1 və 2-ci mərtəbələrdəki eyvanlarda dəmir barmaqlıqlar olsa da, digərlərində buna icazə verilmir. İlk 2 mərtəbədə yerləşən mənzillərdə dəmir barmaqlıqların quraşdırılmasına icazə verilməsinin səbəbi isə oğurluqdur. Mənzilə kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün barmaqlığa icazə verilir. 
Digər mərtəbələrdə isə eyvanlara dəmir barmaqlıqlar vurmaq qadağandır. Bu qadağa əslində məntiqlidir. Yanğın zamanı eyvandan mənzilə daxil olmaq istəyən FHN əməkdaşları dəmir barmaqlıqlara görə əziyyət çəkirlər.
Dəfələrlə eyvanlara sonradan quraşdırılmış dəmir barmaqlıqlar ucbatından baş verən yanğın hadisəsi daha da şiddətlənib. Məsələn, mənzildə baş verən yanğını söndürmək üçün oraya iki giriş variantı var, biri qapıdan, digəri isə eyvandan... Qapıdan giriş mümkün olmadıqda yanğınsöndürənlər eyvandan daxil olurlar. Lakin eyvanda olan dəmir barmaqlıqlar onların işini çətinləşdirir. Həmin barmaqlıqlar kəsilənə qədər yanğın daha da şiddətlənir. Hətta mənzildə insan varsa, onu xilas etmək də çətinləşir. Bu da ölümlə nəticələnə bilər. 
Bakı sakini Rüstəm Xankişiyev deyir ki, dəmir barmaqlıqlara qadağa qoyulsun, amma əvəzində alternativ də təklif edilsin: "Mən buna etiraz etmirəm. Adamlar haqlıdır. Amma biz də haqlıyıq. Mənim evdə 2 körpə uşağım var. Dəcəldirlər. Hərəsi bir yana qaçır. İnsanıq, fikirdən çıxır, eyvanın qapısı açıq qalır. Birdən uşağım oradan yerə düşdü, kim cavab verəcək? Canımızın dərdindən, övladlarımıza görə xərc çəkib, barmaqlıq qoydururuq. Əgər bu qadağandısa, alternativ təklif etsinlər. Desinlər ki, bu formada edin, həm sizin üçün təhlükəsiz olsun, həm də biz işimizi görə bilək. Amma etmirlər, sadəcə "olmaz" deyirlər". 
Yaxşı, belə olduğu təqdirdə günahkar kimdir? Ev sahiblərimi, tikinti şirkətlərimi, yoxsa aidiyyəti orqanlarmı? 
Bu suallar cavabsız qaldığı müddət ərzində məsələ öz həllini tapmayacaq. Amma ekspertlər günahı tikinti şirkətlərində görür. 
Onların fikrincə, şirkətlər inşaata başlayan zaman bütün bunları nəzərə almalıdır. Eyvanların hündürlüyü təhlükəsizlik səviyyəsinə qədər olarsa, heç kim dəmir barmaqlıqlardan istifadə etməz. Amma onlar mümkün qədər qənaət edib, daha çox pul qazanmağı düşündükləri üçün bunu etmirlər. 
Qaynarinfo.az