
Azərbaycan Avropa Hərəkatının təşkilatçılığı ilə "Gənclərin Şərq Tərəfdaşlığı Prosesində rolu" mövzusunda konfrans keçirilib.
Qaynar.info-nun məlumatına görə Beynəlxalq Mətbuat Mərkəzində keçirilən konfransın açılışından sonra Azərbaycan Avropa Hərəkatının çəkdiyi qısa film rolikinin nümayişi keçirilib.
Daha sonra iki hissəli panel müzakirələri başlayıb. Birinci hissədə Ekspertlər Orxan Nəbiyev "Şərq Tərəfdaşlığı Proqramı və Yaxın Qonşuluq Siyasəti - fərqlər və üstünlüklər", Azərbaycan Avropa Hərəkatının İdarə Heyətinin üzvü Xalisə Şahverdi "Avropa Birliyi ilə Azərbaycan arasında reallaşdırılan təhsil və mübadilə proqramları", ekspert Rövşən Nəcəfov "Vətəndaş Cəmiyyətinin, xüsusən gənclər təşkilatlarının Şərq Tərəfdaşlığı prosesində rolu" və AGAT sədri, Azərbaycan Avropa Hərəkatının İdarə Heyətinin üzvü Gülsel Səfərova "Azərbaycan Dövlətinin Avrointeqrasiya istiqamətində fəaliyyəti" mövzularında çıxış ediblər.
Konfransın ikinci hissəsində Konfransda iştirak edən qonaqlar çıxış edib və ekspertlərə öz suallarını ünvanlayıblar. İnteraktiv formada keçən ikinci hissədə Gənclər Klubu İctimai Birliyinin təsisçisi Zaur Əkbər, Milli Fikir Mərkəzinin rəhbəri Şəhriyar Məcidzadə və digərləri çıxış ediblər.
Konfransda həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Ramin Cəfərov çıxış edərək gənclərə fondun fəaliyyəti haqqında məlumat verib.
Qeyd edək ki, Konfrans Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Gənclərin Şərq Tərəfdaşlığı prosesinə cəlb olunması" layihəsi çərçivəsində baş tutub.
Qaynar.info












