Xəbər lenti

Bakıda hər kvadratkilometrə nə qədər avtomobil düşür?
Ölkə11:54 07.08.2013

Bakıda hər kvadratkilometrə nə qədər avtomobil düşür?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“2002-ci ildən 2012-ci ilin sonuna qədər Azərbaycanda avtomobillərin sayı 2,3 dəfə artıb.
Yəni təkcə bu müddət ərzində Azərbaycanda avtomobillərin sayı sovetlər dönəmindəki nəqliyyat vasitələrinin sayından iki dəfə çox olub”. Dünən bu sözləri “Ekoleks” Ekoloji Hüquq Mərkəzinin “Dayanıqlı nəqliyyat siyasəti üzrə dialoqda vətəndaş cəmiyyətinin iştirakı” mövzusunda keçirdiyi mətbuat konfransında çıxış edən Azərbaycan Texniki Universitetinin Avtomobil nəqliyyatı vasitələri kafedrasının müdiri, Baş Dövlət Yol Polisi İdarəsinin texniki məsləhətçisi Sülhəddin Gözəlov söylədi. Onun sözlərinə görə, ən böyük problemlərdən biri də odur ki, ölkənin avtomobil parkının böyük hissəsi Bakıda yerləşir: “Bu, əhalinin mərkəzi şəhərə - Bakıya meyillənməsi ilə bağlıdır. Bakıda hazırda avtomobillərin sayı 800 mindən artıqdır. Bura regionlardan gələn avtomobillər də daxildir”.
S.Gözəlovun dediyinə görə, 2002-ci ildə bu rəqəm 500 minə yaxın olub: “Nəqliyyat müasir dövrdə ətraf mühiti çirkləndirmə dərəcəsinə görə, birinci yerdədir. Ümumi çirklənmənin 60-80 faizə qədəri nəqliyyatın payına düşür.
Dünyada istehsal olunan neftin 2,3 milyard tonu avtomobil yanacağına gedir. Məlumat üçün deyim ki, hər 1 kiloqram yanacağın yanması üçün 15 kiloqram hava lazımdır. 2,3 milyardı 15 kiloqrama vurub nə qədər hava sərf olunduğunu hesablayanda çox dəhşətli bir rəqəm alınır. Hazırda dünyada 1 milyarddan çox avtomobil var. Bu avtomobillər ətraf mühitə 1 il ərzində ancaq 1 milyard tondan çox işlənmiş qaz buraxır. Bunun içərisində dəm qazının çəkisi təqribən 650 milyon tondur. Bunun nəticəsidir ki, təbiətin özünü bərpa etmə balansı pozulub”.
“Azərbaycanda maşınlardan atmosferə buraxılan qazların miqdarı 1 milyon tondan çox olub”
Hazırda dünyada quru ərazinin hər kvadratkilometrinə 7 avtomobil düşdüyünü vurğulayan ekspert dedi ki, Bakıda bu göstərici rekord səviyyəyə yüksəlib: “Bakı şəhərində olan avtomobillərin sayını, onun ərazisinə bölsək, təqribən hər kvadratkilometrə 400 avtomobil düşür. Yollarımız bu avtomobillər üçün yetərli deyil. Ona görə də problemlərlə qarşılaşırıq. Avtomobil nəqliyyatı ərazini zəbt edir, səs-küy yaranır, atmosfer korlanır, titrəyiş olur və s. Bütün bu neqativ hallar sərt desək, bizi məhv eləyir”.
Sülhəddin Gözəlov dedi ki, ölkəmizdə olan avtomobillərin texniki vəziyyəti də qənaətbəxş deyil: “Çirklənmənin artmasının səbəblərindən biri də tıxaclardır. Çünki tıxacın yaranması avtomobillərin boş işləmə rejimini artırır. Əlavə enerjinin yaranması isə böyük ekoloji problem deməkdir. Eyni zamanda bu, həm də təbii resursların sərf olunmasına gətirib çıxarır. Azərbaycanda 2012-ci ildə nəqliyyat vasitələrindən atmosferə atılan qazların miqdarı 1 milyon tondan çox olub. Ona görə də boğuluruq. Mən bir dəfə bunu Respublika Dövlət Yol Polisi İdarəsinin rəsmi şəxslərindən birinin yanında söylədim. O, verilişin çəkilişi başa çatandan sonra mənə dedi ki, müəllim, bəlkə, rəqəmdə səhv edirsiniz. Dedim ki, ola bilməz, əksinə bizim araşdırmalarımız bu rəqəmin daha çox olduğunu göstərir”.
S.Gözəlov bildirdi ki, ölkədəki ekoloji durumla bağlı Nazirlər Kabinetinə bir sıra təkliflər verilib: “Bunlar əsasən təşkilati-hüquqi, memarlıq-planlaşdırma, konstruktiv tikinti, istismar, ekotexnoloji tədbirlərdən ibarətdir. Bizim əsas istəyimiz bu təkliflərə kompleks yanaşılmasıdır”.
Samir İsayev: “Gözəl təşəbbüslər olur, amma vahid mərkəzdə birləşdirilmədiyindən effekt vermir”
Tədbirdə çıxış edən “Ekoleks” ekoloji hüquq mərkəzinin əməkdaşı Samir İsayev dedi ki, Bakı şəhərində nəqliyyatın idarə olunmasındakı mövcud problemlər narahatlıq doğurur: “Bu, ilk növbədə, ekoloji problemdir, ikincisi, sosial, üçüncüsü, iqtisadi problem yaradır. Bütün dünyada dayanıqlı nəqliyyatla bağlı layihələr həyata keçirilir. Hətta Azərbaycandan uzaqda olan, inkişafına görə ölkəmizdən geridə qalan ölkələr belə, nəqliyyatla bağlı maraqlı layihələr həyata keçirirlər. Azərbaycanda bu sahədə gözəl təşəbbüslər olur, amma bunlar əlaqələndirilmədiyi, vahid mərkəzdə birləşdirilmədiyindən bir çox hallarda gözlənilən effekti vermir”.
Cahangir Qocayev: “Bizim bir çox memarlarımız danışmaqdan çəkinirlər”
Dövlət Tikinti və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev isə şəhərsalmanın nəqliyyat sahəsi ilə əlaqəli problemlərindən danışdı: “Şəhər bizim hamımızın evidir. Bu şəhərin səliqəliliyi, təmizliyi barədə hər birimizin fikri üst-üstə düşməlidir. Şəhərsalmada bir çox amillər nəzərə alınır. Əsas amillərdən birincisi əhalidir, ikincisi ərazi. Yəni ərazidən elə istifadə etmək lazımdır ki, əhali normal, sağlam, təhlükəsiz mühitdə yaşaya bilsin. İnsani mühit yaradılmalıdır. Bura onun həyat və fəaliyyətinin bütün tərəfləri aiddir. Deyirlər ki, sağlam bədəndə sağlam ruh olar. Sağlam bədən isə sağlam mühitdə formalaşır. Şəhərsalma mühitində sağlamlığa təsir edən amillərdən biri də ekoloji təsirlərdir. Ekoloji mühitin həm də mənəvi-psixoloji tərəfi var. Bütün bunların formalaşmasında isə nəqliyyatın çox böyük rolu var”.
Cahangir Qocayevin sözlərinə görə, nəqliyyat problemini təkcə infrastrukturu yaxşılaşdırmaqla həll etmək mümkün deyil: “Şəhərsalma təkcə şəhərin salınmasını deyil, eyni zamanda onun istifadə formasının texnologiyasını cəmiyyətə öyrətməlidir. Amma bu, tək bizim qüvvəmizlə alınmır. Nəqliyyat vasitələrinin düzgün bölünməsi, onların arasında əlaqənin təmin olunması, təbii ki, Nəqliyyat Nazirliyinin işidir. Amma biz bir vətəndaş kimi deyə bilərik ki, nəqliyyatın elə növləri var ki, bizim ehtiyaclarımızı ödəsə də, sağlamlığımız üçün çox ağır təsirlər yaradır. Elə növ də var ki, onların ziyanı az olur. Buna misal kimi bir vaxtlar Bakı küçələrində gördüyümüz tramvayları, trolleybusları qeyd edə bilərik. Bu gün səs-küyün yaratdığı ekoloji problem də ən ağrılı məsələlərdən biridir. Buna tədricən təsir edən bomba adı da vermək olar. İnsanların psixikasında, əsəb sistemində çox ciddi problemlər əmələ gəlir. Təbii ki, əsəbi yerində olmayan cəmiyyətin idarə olunması da çətinləşir. Cəmiyyətin özünün anlam durumu pozulanda cəmiyyətin istiqamətləndirilməsi, özü də düzgün məcraya yönləndirilməsi çətinləşir. Bu baxımdan nəqliyyatın şəhər mühitində rolu, mən belə hesab edirəm ki, böyükdür”.
Şəhərsalmadakı problemlərdən danışan C. Qocayev dedi ki, ölkəmizdə bir mərhələ olub ki, bizim bir çox işbazlar bundan yararlanıblar: “İşbazlar, icra strukturunda işləyən adamlar yaranmış şəraiti imkan kimi dəyərləndirib özlərinin maraqları üçün istifadə etdilər. Bu vəziyyətin yaranmasının bir səbəbi də budur. Təəssüf ki, bizim bir çox memarlarımız danışmaqdan çəkinirlər. Qorxmaq lazım deyil, sözün düzünü demək lazımdır”.
"Zaman Azərbaycan"