Xəbər lenti

Bakıda lift quraşdıran rəisin işində yenilik - yenidən ekspertiza keçiriləcək
Ölkə18:19 22.03.2020

Bakıda lift quraşdıran rəisin işində yenilik - yenidən ekspertiza keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bakılift -2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq sədri növbəti dəfə hakim qarşısına çıxarılıb.
Qaynarinfo Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə ittiham edilən Ruslan Dilanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında Ruslan Dilanovun vəkili vəsatət verərək Məhkəmə Mühasibatlıq Ekspertizasının keçirilməsini istəyib. Vəkil bunu belə əsaslandırıb ki, istintaq zamanı Ruslan Dilanovun rəhbəri olduğu müəssisədə gəlirlər və xərclər düzgün hesablamayıb.
Məhkəmə vəsatəti təmin edib. Bu səbəbdən də proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Ruslan Dilanov isə özünü qətiyyən təqsirli bilməyib. Deyib ki, dövlət büdcəsindən ayrılan vəsaitlər bütün qəpiyinə qədər xərclənib. Onun sözlərinə görə smetadan kənar heç bir xərc olmayıb.
Dilanov qeyd edib ki, rəhbəri olduğu idarəyə pul bank vasitəsi ilə köçürülüb. Alınan məbləğlə binalardakı liftlərin təmiri və quraşdırılması həyata keçirilib.
"Mənə verilən ittihamla razı deyiləm. Dövlətdən 985 min manat pul almışam. Həmin pulun 270 min manatını vergiyə ödəmişəm. Bunu da rəsmi sənədlər təsdiq edir. Sosial müdafiyəyə, əlavə dəyər vergisinə, gəlir vergisinə, işçilərin maaşına verilən pullar hesablanmır. Halbuki bütün bu xərclər 985 min manatdan çıxılıb"- deyə Dilanov qeyd edib.
Suallara cavab verən Ruslan Dilanov liftlərin quraşdırılması üçün fəhlələrə ödənilən məbləğlərin rəsmiləşdirilmədiyini deyib.
Prokuror deyib ki, bütün işlər rəsmi sənədləşmə ilə həyata keçirilməli idi. İndiki halda "fəhlələrə ödənilib" deyilən xərcləri müəyyən etmək üçün heç bir rəsmi sənəd yoxdur.
İttihamda yazılır ki, dövlət büdcəsindən binalarda 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün vəsait ayrılıb.
Məlumata görə, bu vəsaitin təxminən 1 milyon 835 min manatı mənimsənilib. İddia olunur ki, dövlətin vəsaiti ilə alınan 426 min manatlıq material-avadanlıqlar təyinatı üzrə istifadə olunmayıb.
İttihamda göstərilir ki, həmin material və avadanlıqlar ticarətlə məşğul olan şəxslərə satılıb, saxta sənədlər tərtib edilərək həmin materialların istifadə olunduğu rəsmiləşdirilib.
Araşdırmalar 2013-2015-ci işləri əhatə edir. Zərərçəkmiş tərəf "Bakı Lift Təmir" İstehsalat Birliyidir.
Törətdiyi əmələ görə, ona qarşı CM-in 179 (mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.