El arasında deyirlər ki, bu dünyada insana beş metr kəfən və bir qarış da torpaq qalır. Amma reallıq budur ki, həmin o bir qarış torpaq da ölü sahibinə heç də ucuz başa gəlmir. Azərbaycanda ölmək çox bahalaşıb. Deyirlər, “ölən canını götürüb gedir”, onun yaxınları isə itkinin acısı ilə yanaşı qəbir almaq dərdini də çəkirlər. Statistikaya görə ölkəmizdə hər il orta hesabla 50 min adam vəfat edir. Bu, həm də 50 min ailə büdcəsinin "dəfn xərci"ndən silkələnməsi deməkdir. Təbii ki, xərclər hər ailəyə və onun çevrəsinə görə dəyişir. Beləcə, bir dəfn və onunla bağlı mərasim 2-3 mindən 50-60 min manatadək vəsait aparır. Analitik.az öülümün neçəyə başa gəlməsinə dair araşdırmanı təqdim edir.
Dövlət Sosial Müdafiə Fondu mərhum təqaüdçülər və işləyənlər üçün birdəfəlik müavinət müəyyənləşdirib. Təqaüdçünün ailəsinə 300, işləyən şəxsin doğmalarına 120 manat müavinət ödənir. Düzdür, bunun bir "əmması" da var: ölü yiyəsi həmin məbləği almaqdan ötrü mərhumun ölüm kağızı ilə yanaşı, dəfnin təşkilini təsdiqləyən arayış da təqdim etməlidir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov Analitik.az-a bildirir ki, sosial-sığorta üzrə ödəmələrin bir növü kimi müəyyənləşdirilən dəfn xərci əslində reallığa uyğun gəlmir: “Düzdür, hökumət borclu deyil ki, təmtəraqlı yas mərasimi keçirən şəxsin xərclərini ödəsin, amma hökumət aztəminatlı ailələrin bu yükünü hiss olunacaq dərəcədə azaltmalıdır. Ən yoxsul vətəndaş üçün bu məbləğ 1500-2000 manata başa gələcək. Bunun qarşılığında ödənilən birdəfəlik müavinət bundan 7-8 dəfə azdır.”
Rəşad Həsənovun fikrincə, dəfn xərclərinin önlənməsi üçün ölkədə ölüm sığortası proqramları işləməlidir. Müsahibimiz hesab edir ki, bu sığorta növü ilə, "dəfn xərci" adı altında insanları borca salan dəllalların əlindən qurtarmaq olar.
Ölüyə vurulan iynə...
Yas mərasimləri ilə bağlı ilkin mərhələdə dəfn mərasiminin təşkili vacibdir. “Təzə Pir” məscidinin nəzdində fəaliyyət göstərən xidmətdə meyitin yuyulub, dəfn üçün hazırlanması 50 manatdır. Məsciddən Analitik.az-a bildirilib ki, bu, kommunal xidmətlərin xərclərinə əsasən müəyyən olunur. Bundan əlavə yas sahibi meyit yuyana özü əlavə ödəniş edirsə, bu, artıq onun öz işidir. Bu məsciddə geri qaytarılan tabutlar pulsuzdur. Geri qaytarılmayan tabutun qiyməti isə 10-15 manat arasında dəyişir.
“Əjdərbəy” məscidində isə meyitin yuyulub hazırlanması üçün 70 manat tələb olunur. Bunun 50 manatı rüsum, 20 manatı isə meyit yuyanın əmək haqqıdır. Tabutların kirayə haqqı 10-15 manatdır, 2-3 manata isə gülab suyu satılır. Meyitin bir gün saxlanılması üçün vurulan iynənin qiyməti isə 70 manatdır. Məscidlərdəki bu xidmətlərdə meyitin saxlanılması üçün kamera xərci olaraq əlavə 20 manat da tələb olunur.
Cənazənin daşınması üçün avtomobil xidməti məsafəyə görə müəyyənləşir. Məsələn, Bakı kəndlərindən "Əjdərbəy" məscidinin cənazənin gətirilib-aparılmasının ümumi xərci 120-150 manat arasında dəyişir.
4 min manata qəbir daşları
Dünyanın bir çox ölkələrindən fərqli olaraq, Azərbaycan qəbiristanlıqlarında da vahid qəbir daşları mövcud deyil. Hazırda bu məsələ qanunvericiliklə tənzimlənmir. Ona görə də kim necə istəyirsə, eləcə də baş daşı, yaxud heykəl qoydurur.
Qəbir daşlarının qiyməti istehsalçı sexlər tərəfindən müəyyən olunur. Yasamal rayonunda olduğumuz bir neçə sexdə qiymətlər təxminən belədir: Baş daşının hündürlüyü normal 1,5 metr olmaqla sinə daşı ilə birgə sadə formada, qara mərmərdən 1500 – 1800 manat, eyni ölçüdə ağ mərmər 700-800 manat, sadə daş isə 250-300 manatdır. Əgər xüsusi sifariş və əlavə aksessuarlar tələb olunarsa, qara mərmərdən hazırlanan qəbir daşlarında qiymətlər 3500-4000 manata, bəzən isə daha yüksək məbləğə qədər dəyişə bilər. Əgər məzarın üstündə büst hazırlanması sifariş olunursa, o zaman heykəltəraş işinə ehtiyac olur ki, bunun da qiyməti ayrıca hesablanır.
VİP çadırlar
Sonrakı əsas məsələlərdən biri mərasimlərin keçirildiyi yerdir. Bu sahədə də xidmətlər müxtəlifdir. Belə ki, əgər ev yiyəsi kirayə VİP çadır sifariş verirsə, bunun bir günlük xərci təxminən 300 manatdan baha başa gəlir. Çadırın özü (içərisində qab-qacaq, mətbəx əşyaları, stol-stul və s.) 100 nəfərlik 200 manata verilir, bir nəfər ofisiant – 15 manata, qabyuyan – 20, aşpaz – 50, çay paylayan – 20, molla da sifariş edərsənsə, 50 manata başa gəlir. Təzə Pir məscidindən də çadır kirayə etmək təxminən eyni qiymətədir. 100 nəfəlik çadır 300 manata verilir. Ona ofisiant, çay paylayan, aşpaz, qabyuyan daxilir. Əgər kondisioner sifariş olunarsa, əlavə 100 manat da ödənməlidir. Çadır istəməyəndə, Təzə Pir məscidinin mərasim zallarından da yararlanmaq olar. Belə ki, burada 100 nəfərdən az olmamaq şərti ilə adambaşına 12 manat pul ödənilir. Menyunun tərkibində isə xurma, halva, şərbət, meyvə, şokolad, dovğa, isti xörəklərdən isə aş və s. daxil edilir. Əgər yas məclisinə gələnlərin sayı 100 nəfərdən az olarsa, menyunun qiyməti 13 manata qalxır. Təzə Pir məscidindən molla çağırmaq istəyənlər bir gün üçün 30 manat da verir. Hüzr sahibinin şəxsi mağarda, xüsusi xidmətlə təşkil etdiyi xərclər isə daha çox onun süfrəyə verdiyi nemətlərdən asılı olur. Bu xərclər vəfat eləmiş insanın 40 mərasiminə kimi davam edərsə, necə deyərlər, xərc artıq kəllə çarxa vurub çıxar.
Bu kiçik araşdırmadan görünən mənzərə belədir ki, ölməklə insan bu dünyanın əziyyətindən öz canını qurtarırsa, ailəsinə, yaxınlarına problemlər qoyub gedir. İndi bu xərclərin qabağında adam neynəsin - ölməsin?..
Qaynar.info