Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda baş verən yol-nəqliyyat hadisələrinin yeni videogörüntülərini yayıb.
Avtobank.az xəbər verir ki, yol qəzalarından biri "Azadlıq” prospektində baş verib.
Burada "Mercedes” markalı avtomobilin sürücüsü 28 May metrostansiyası istiqamətində eniş zamanı idarəetməni itirərək yüksək sürətlə ABŞ-ın Azərbaycandakı səfirliyi hasarının beton sütunlarına dəyib. Hadisənin başvermə epizoduna aşağıda təqdim etdiyimiz videoçarxın 33-cü saniyəsindən baxa bilərsiniz.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovnik-leytenantı Kamran Əliyevin əvvəllər gün.az-a verdiyi məlumata görə, Azərbaycanda 2013-cü ilin 9 ayı ərzində 2157 yol-nəqliyyat hadisəsi baş verib. Yol qəzaları nəticəsində 872 nəfər ölüb, 2303 nəfər yaralanıb. Qəzaların 755-i Bakıda baş verib. Bu qəzalarda 258 nəfər ölüb, 733 nəfər xəsarət alıb.
"Yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürət həddini aşma, ötmə əməliyyatı qaydalarının pozulması, hərəkət istiqamətinin qarşı zolağına çıxma, nizamlanan və nizamlanmayan çarpazlardan keçmə qaydalarının pozulması səbəbindən baş verir”, - deyə K.Əliyev bildirib.