
Xəbər verdiyimiz kimi, Azərbaycan prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinə yeni 74-1 maddəsinin (Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə) əlavə edilməsi təklif olunub. Təklifə əsasən Azərbaycanda narkomanlar cinayət məsuliyyətinə cəlb edilməyəcək.
Belə ki, yeni maddəyə görə, məcəllənin 234.1-ci maddəsində (234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) nəzərdə tutulmuş cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Həmin şəxsin tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edildikdə, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad edir.
Bu barədə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin sədr müavini Leyla Yolçuyeva “Qaynarinfo”ya müsahibə verib. Sözügedən müsahibəni sizə təqdim edirik:
- Qanunun qəbulu narkomanların müalicə aldıqdan sonra sağlam bir şəkildə cəmiyyətə inteqrasiyasına səbəb olacaq, yoxsa narkomaniyanın daha da genişlənməsinə? Ümumiyyətlə narkotik maddə istifadəçisinə cinayətkar kimi yanaşılmalıdır, ya xəstə kimi?
- Xarici təcrübələr göstərir ki, narkotik maddələrdən istifadə edən şəxsə xəstə olaraq yanaşılmalıdır. Necə ki, şəkərli-diabet xroniki bir xəstəlikdirsə, yəni sağalması tam mümkün deyil, sadəcə müalicələrlə mərhələli şəkildə yüngülləşdirilə bilər, bu şəkildə də 5 ildən artıq narkotik maddə qəbul edən narkomanlara xəstə kimi yanaşılmalı və bu insanı cinayət məsuliyyətinə cəlb edib həbsxanaya salmaq yerinə, narkoloji dispanserə yerləşdirmək daha məqsədəuyğundur. Oradan da reabilitasiya mərkəzinə yönləndirilməlidir. Düzdür, hazırda bizdə realibitasiya mərkəzləri yoxdur, amma gələcəkdə olması nəzərdə tutulur. Həmin şəxs belə bir mərkəzdə tam şəkildə sağaldıqdan sonra, əgər onun işində həqiqətən cinayət məsuliyyəti varsa, o zaman cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Biz dəfələrlə qadın koloniyasında olmuşuq. Orada kifayət qədər narkoman qadınlar var. Biz onlara narkomaniyanın zərərləri barədə məlumat veririk. Onlara orada narkotik maddənin əvəzləyicisinin verilib-verilmədiyindən tam əmin deyiləm. Yəni bu insanları birdən-birə narkotik vasitədən ayırmaq çox pis hallara gətirib çıxara bilər. Onlar titrəyir, ağızları əyilir, saçları tökülür, özlərini çox pis hiss edirlər, bir sözlə insandan imdad diləyirlər. Ona görə də biz hər dəfə ofis olaraq qeyd edirik ki, əgər ortada cinayət hadisəsi yoxdursa (yəni satış, kimisə buna cəlb etmək və s.), sadəcə özü bunun istifadəçisidirsə, artıq narkoman adını daşıyırsa, biz onlara cinayətkar kimi deyil, xəstə kimi yanaşmalıyıq. Belə olduğu təqdirdə onların yeri həbsxana deyil, narkoloji dispanser olmalıdır. Çünki xarici ölkələrə nəzər salanda bu yolun daha effektiv nəticələr verdiyini görürük.

- Narkotik maddə istifadəçilərinin cinayət məsuliyyətinə cəlb edilməsi bir növ ondan təzə-təzə istifadə etməyə başlayanlarda müəyyən bir qorxunun yaranmasına səbəb olur. Yəni, tutulma ehtimalı müəyyən qədər həmin insanların narkotik vasitələrdən uzaq durmasına səbəb olur. Lakin bu dəyişikliyin qəbul edilməsindən sonra narkotik maddə istifadəçilərində müəyyən qədər sərbəstlik yaranacaq. Bu, gələcəkdə narkomaniyanın genişlənməsinə, narkomanların sayının artmasına səbəb ola bilərmi?
- Bu və ya başqa bir şəkildə onlara nəsə tətbiq etməklə sayda nə artım, nə də azalma yarada bilmərik. Əksinə düşünmürəm ki, bu dəyişikliyin tətbiqi sayın artmasına gətirib çıxaracaq. BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsi hər il bununla bağlı tədbir keçirir və bizim də təşkilat orada iştirak edir. Tədbirlərdə hər dəfə belə bir fikir səsləndirilir ki, narkoman olan insanı narkotik maddələrdən tamamilə ayırıb həbsxanaya yerləşdirmək, onlarda xəstəliyin şizofreniya halına qədər gəlib çıxamasına səbəb ola bilər.
- Xarici təcrübələrdən söz düşmüşkən, bəzi ölkələrdə narkotik maddələrin açıq şəkildə satışı aparılır və istənilən şəxs sərbəst şəkildə həmin vasitələrdən alıb istifadə edir. Azərbaycanda belə bir şeyin leqallaşdırılması hansı nəticələrə gətirib çıxara bilər?
- Azərbaycanda bunun leqallaşdırılması, yəni narkotik vasitələrin açıq şəkildə satışına icazə verilməsi təbii ki, narkomanların sayının artmasına gətirib çıxara bilər. Bu qorxu hamıda var. Biz də bunun əleyhinəyik. Lakin qeyd edilən təklifdə açıq şəkildə belə bir çağırış edilmir. Yəni, hər kəs narkotik vasitələrdən istifadə edə bilər, heç kəs cinayət məsuliyyətinə cəlb edilməyəcək deyə bir şey yoxdur. Digər bir tərəfdən heç kəs heç kəsi məcbur şəkildə nəyəsə yönləndirmir, əgər insanın iradəsi güclü olsa, ondan istifadə etməz”.

- Bildiyimiz kimi Azərbaycanın cənub bölgəsində narkotik aludəçiləri daha çoxdur, bəs indiki şəraitdə hansı amillər insanların narkotik maddələrin təsiri altına düşməsinə səbəb olur?
- Bəli, xüsusən cənub bölgəsində, Lənkəran tərəflərdə həyətlərdə yabanı şəkildə bitdiyinə görə, bu bölgədə narkotik maddə istifadəçilərinin sayı daha çoxdur. Hər il həyətlərdə onun kökünü kəsməyə çalışsalar da, yenə bir şəkildə bitki olaraq yetişir. İşsizliyi nəzərə alsaq, ailədə problemlər, depressiv hallar zamanı insanlar çıxış yolunu narkotik vasitələrdə görür. Narkotik vasitələrdən istifadə edənlərin statistikasına nəzər salsaq, görərik ki, əksəriyyəti depressiya halında olan insanlardır. Yəni ya pulu çox olan, lakin həyatdan heç bir zövq almayan, ya da pulu az olan və problemlərini bir şəkildə unutmaq istəyənlər buna düçar olurlar.
- Ötən illərlə müqayisədə narkomanların sayında hansı dəyişikliklər var?
- Biz statistik məlumatları əsasən ilin sonunda veririk. Ona görə də bu barədə dəqiq bir say deyə bilməyəcəyəm. Lakin onu deyə bilərəm ki, 2015-ci ildən 2016-cı ilə olan statistikaya əsasən, ilk dəfə narkomanların sayında azalma müşahidə olunub. Hazırda da azalma müəyyən qədər var. Bu, daha çox sağalıb narkoman kimi qeydiyyatdan çıxanlar və həyatını dəyişənlərin olması ilə əlaqədardır. Yüksək səviyyədə artım isə ümumiyyətlə yoxdur.
- Narkoman kimdir? Bir-iki dəfə narkotik vasitədən istifadə edən şəxsə narkoman demək olarmı?
- Mətbuatda bəzən yanlışlıq olur. Qeyd edim ki, 2-3 ildən çox mütəmadi olaraq hər gün narkotik vasitə qəbul edən şəxsə narkoman deyilir. Bir dəfə narkotik maddə istifadə etmiş adam narkoman adını daşımır.
- Azərbaycanda narkotik aludəçiləri hansı yaş kateqoriyasında daha çox müşahidə edilir?
- Əvvəllər 25-30 yaşdan yuxarı insanlarda bu problemə rast gəlinirdisə, indi məktəblilər arasında da belə hallar qarşılaşırıq. Məktəblilər narkotik maddələrin çox yüngül bir növündən - ekstazidən istifadə edirlər. Onlar ilk vaxtlar bunun nə olduğunu bilmirlər. Belə maddələr əvvəllər onlara pulsuz şəkildə təqdim olunur. Bir müddətdən sonra bu, onlarda asılılıq yaradır və həmin maddənin aludəçisinə çevrilirlər. 10-14 yaşlı uşaqlarda belə bu hallara rast gəlinir.

- Belə halların məktəblilər arasında yayılmasının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
- Məktəblərin ayaqyolu hissəsinə nəzarət olmalıdır. Orada şprislərə rast gəlinirsə, deməli bu, artıq bir siqnaldır.
- Hansı məktəblərdə belə hallar var?
- Bunu dəqiq deyə bilmərəm, amma cənub bölgənin məktəblərində belə hallar olur. Bu, həm cənub bölgəsinin İranla sərhəd olması ilə əlaqədardır ki, bu tip maddələr bir şəkildə keçirilir, eyni zamanda həyətlərdə dediyim kimi yabanı şəkildə bitdiyi üçün məktəblilər arasında da yayılmağa başlayıb.
- Paytaxtda necə belə məktəblərə rast gəlinirmi?
- Bəli. Bakının özündə belə narkotacirlər məktəblərin kənarlarında gəzərək, baxırlar ki, hansı uşaqları kuryer kimi istifadə edə, hansılarını birbaşa istifadəçiyə çevirə bilərlər. Bu şəkildə narkoişbazlar məktəblərin kənarında dayanıb uşaqları cəlb edirlər. Dünyanın hər yerində olduğu kimi Azərbaycan məktəblərində də narkotik istifadəçiləri var. Amma dediyim kimi dəqiq bir ünvan deyə bilmərəm.
Çingiz Səfəli
Qaynarinfo.Az