Təcili yardım briqadalarının fəaliyyəti ilə bağlı narazılıqlar ara-sıra gündəmə gəlir. Təcili Yardım Xidmətlərinin ünvana vaxtında gəlib çatmamsı maşınların sayının az olması görüntüsünü yaradır. Bəs, Bakıda neçə təcili yardım maşını fəaliyyət göstərir?
Qeyd edək ki, təcili yardıma qanaxma,sınma, infarkt və digər hadisələr daxildir. Təzyiqin, temperaturun qalxması, kəskin baş ağrılarının olması isə təxirəsalınmaz yardıma aid edilir. Həm də dünya təcrübəsinə görə, təcili çağırışlar üçün təcili yardım 15-20 dəqiqə ərzində ünvana çatmalıdır.
Təxirəsalınmaz hallar üçün isə təxminən 1 saat, saat yarım vaxt qoyulur.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbər əvəzi Səfayyə Əhmədova Cebhe.info-ya açıqlamasında bildirib ki, təcili yardım maşınları briqadaların sayına müvafiq olaraq xəttə buraxılır. Bakıda 138 təcili yardım briqadası fəaliyyət göstərir.
Qeyd edək ki, Təcili Yardım Stansiyasının baş həkimi Rauf Hacıyev mətbuata verdiyi açıqlamasında bildirib ki, eyni vaxtda daxil olan müraciətlərin sayı briqadaların sayından çox olduqda çeşidləmə aparılır.
Onun açıqlamasında həmçinin bir məqama da toxunulub. Baş həkim bəzən vətəndaşların lüzumsuz yerə, həkimə getməyə tənbəllik etdiyi məqamlarda təcili yardıma müraciət etdiyini bildirib. Rauf Hacıyevin sözlərinə görə, gün ərzində olunan çağrışların hamısı təcili yardıma ehtiyacı olanlardan ibarət olmur.