
Yasamal rayonu, "İnşaatçılar" metrostansiyası yaxınlığında, Şərifzadə küçəsi, 167-168 ünvanında iri ağaclar naməlum şəxslər tərəfindən kəsilərək, yük avtomobillərinə yığılır.
"Qaynarinfo" bakupost.az-a istinadən xəbər verir ki, yerli sakinlər FHN və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə məlumat versələr də, hələ heç bir tədbir görülməyib.
Sakinlərin sözlərinə görə, ünvanda 2 köhnə binanın sökülməsi, yerində yeni göydələnlərin tikilməsi gözlənilir. Çox güman ki, ağacların kəsilməsinin səbəbi də bu tikinti ilə bağlıdır.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi münasibət açıqlayıb. Bu barədə oxu.az-a danışan nazirliyin ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev həmin ərazidə ağacların kəsilmədiyini deyib.
Sektor müdirinin sözlərinə görə, həmin ərazidə beşmərtəbəli binalar sökülür və yerində hündürmətəbəli yaşayış kompleksi inşa olunacaq. Buna görə də həmin ərazidə quru ağacların kəsilməsi və irigövdəli ağacların budanması prosesi aparılır.
“Həmin ərazidə ağacların kəsilməsindən söhbət gedə bilməz. Əraziyə mütəxəssislərimiz də baş çəkib”.
Qaynarinfo.Az

