Bakıda Böyük Azərbaycan Partiyasının qərargahı sökülür.
Bu barədə “Yeni Müsavat” a sözügedən partiyanın sədri Elşad Musayev məlumat verib. Onu sözlərinə görə, Sabunçu rayonu, Böyük Şor gölünün yaxınlığında tikilən olimpiya stadionuna görə, 600 ailə ilə birlikdə onun da qərargahını sökəcəklər. Üstəlik ailəsi ilə yaşadığı ev də söküntü planına düşüb. Evin qaz, su və telefon xətləri bir neçə gün öncədən kəsilib.
Elşad Musayevin sözlərinə görə, bir müddət söküntü komissiyası adından yaşadıqları əraziyə gələrək bir neçə ailəyə sənəd imzalatdırıblar. Ona isə heç bir söz deməyiblər: “İlk gündən bu prosesi izləyirəm və hər şey qanunsuz gedir. Əvvəla, təklif olunan kompensasiya çox aşağıdır. 1020 manat deyirlər amma, realda hesablayanda 800 manata gəlib çıxır. Daşıma xərclərini də nəzərə almırlar”.
Partiya sədrinin sözlərinə görə, onunla bərabər bir neçə ailənin evini haradan gəldiyi bilinməyən bir neçə nəfər kağız üzərində qiymətləndiriblər: “Satan və alan tərəflər razılaşmalıdır. Qanunda da bu var. Ekspertiza qrupun da müəyyənləşməlidir. Rəsmi dövlət orqanlarından heç kəs gəlib bizlə görüşməyib. Tikilən olimpiya kompleksinə görə, 600-ə yaxın evin ərazisi Dövlət Neft Şirkəti, ”Azeryolservis” ASC və Bakı Şəhər İcra Hakimiyyəti arasında bərabər bölünüb. “Audit-Ekspert” adlı qiymətləndirmə qrupu gəlib sakinlərlə danışıqlar aparıblar. Şəxsən mənimlə heç kəs görüşməyib. Daha sonra bir qəbz aldım ki, orda “Kapital Bank”dan göstərilən məbləği almam tələb olunur. Dəhşətə gəldim. Bu mənim xüsusi mülkiyyətimdə olan obyektlərdir. Danışıq və razılaşma olmadan sən öz başına bunu necə qiymətləndirə bilərsən? Və yaxud nə ixtiyarla evimin qazını, işığını və telefon xəttini kəsiblər? Dünyanın heç yerində belə bir şey yoxdur”.
E.Musayevin sözlərinə görə, həyətyanı sahələrə ümumiyyətlə kompensasiya verilmir: “Sədri olduğumun Böyük Azərbaycan Partiyasının qərargahı da yaşadığımın evin bir hissəsində yerləşir. Bütün bu qanunsuzluğa görə, mən dövlət başçısı İlham Əliyevə müraciət etdim. Müraciətimdə altı nəfər ailə üzvümlə bir evdə yaşadığımı, qızlarımdan ikisinin respublika birincisi olaraq qızıl medalla məktəbi bitirdiyini və xaricdə ölkəmizi layiqincə təmsil etdiklərini vurğuladım. Tək siyasətçiyəm ki, mən siyasətin yox, siyasət mənim çörəyimi yeyir. Azərbaycanda aşağıdan yuxarı hamı qanunla iş görməlidir”.
Partiya sədri bildirdi ki, evinin söküləcəyi təqdirdə ailə üzvləri ilə ölkədən çıxıb gedəcək. E.Musayevin sözlərinə görə, bu onun etirazı olacaq: “Azərbaycan hökumətinə mənim evim, partiyam, uşaqlarıma düşən məvacib lazımdırsa qoy götürsünlər. Ailəmi də götürüb bu ölkədən gedəcəm”.
Qeyd edək ki, əsası 2011-ci ildə qoyulan olimpiya stadionu 2015-ci ildə hazır olacaq. Daxili sahəsi 120,830 kvadratmetr olacaq stadionda tikinti işləri Beynəlxalq Tikinti Standartına (İBC), UEFA və FİFA standartlarına və Azərbaycanın inşaat normativlərinə uyğun aparılır.
Bir müddət əvvəl Böyük Şor gölünün bir hissəsi qurudulub. “Ekol Mühəndislik Xidmətləri” QSC tərəfindən həyata keçirlən layihə nəticsəində fekal suların kənarlaşdırılması prosesi başa çatıb. Tikinti sahəsində yaxın yerləşən evlərdə yaşaya ailələr köçürülüb.
Qaynar.info


