Bakıda həbsxanaya görüşə gələn qadının alt paltarından külli miqdarda narkotik aşkarlanıb. ANS PRESS-in Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, hadisə 2 saylı cəzaçəkmə müəssisəsində baş verib.
Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində məhkum Orxan Ağasəf oğlu Səfərəliyevin yanına qısamüddətli görüşə gələn qohumu Tamara Kamil qızı Əzizovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib.
Baxış keçirilən zaman qadının alt paltarında xüsusi üsulla gizlədilən sellofan paketlərdə 100 ədəd dərman həbi – metodon, 3,882 qram narkotik maddə - heroin və 4,480 qram narkotik maddə - həşiş qətranı aşkar edilərək götürülüb.
Qeyd edək ki, Orxan Səfərəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1.2 maddəsinə əsasən azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.
Qaynar.info



