"TriDa Promotion" uşaqları necə aldatdı?
Paytaxtımızda tez-tez əcnəbi müğənnilərin, musiqi qruplarının, yaxud da tanınmış aktyor və aktrisaların iştirakıyla teatr tamaşaları düzənlənir. Sənətə və sənətkara qiymət verməyi bacaran xalqımız da min bir zəhmətlə qazandığı halal pulundan ayırır, konsert salonlarının, teatr binalarının yolunu tutur.
Bəzi hallarda nəzərdə tutulan tamaşayla, söz verildiyi kimi möhtəşəm və unudulmaz proqramla qarşılaşmayaraq narazılıqla evinə dönsə belə. Adətən, bu cür qostrolların çoxusu sırf pul qazanmağa hesablanır, tamaşıçıların zövqunu oxşamır. Müxtəlif bəhanələrlə sakitləşdirilən bilet sahiblərinə isə deyinmək, narazılıq etmək qalır. Amma azyaşlı uşaqların aldadılması, onların evlərinə məyus qaytarılması heç bir vicdana, insanlığa sığmır. Eynilə "TriDa Promotion" şirkətinin bu günlərdə bizim övladlarımızı aldatdığı, məyus etdiyi kimi.
Təxminən 3 aydı ki, Bakıda böyük reklam kampaniyası aparılır. İctimai nəqliyyatda, televiziya və radioda, internetdə elan verilir ki, Moskvada xüsusi lisenziyalı tamaşa Bakıda uşaqların görüşünə gələcək. Məşhur "Svinka Pepa" cizgi filminin qəhrəmanları interaktiv tamaşayla Bakıda azyaşlı uşaqların qarşısına çıxacaq. Tamaşanın adı da cəlbedici idi: "Svinka Pepa öz dostlarını toplayır". Məşhur cizgi filminin qəhrəmanlarının şəkilləri əks olunan elanı Bakıdakı avtobsuların üzərində görən hər bir azyaşlı valideynlərindən həmin görüşə getməyi rica edirdi. Qiymətlər də ucuz sayıla bilməzdi. 4 manatdan 40 manata qədər. Avtomatik olaraq bu rəqəmi ikiyə vurmaq lazımdı. Çünki heç bir valideyn azyaşlını tamaşa salonuna tək buraxa bilməz. Tamaşanın biletini satan kassalarda isə tələblər sərt idi. 6 yaşdan aşağı uşaqlar salona tək buraxılmır, onlar üçün ayrıca bilet almaq lazımdı. Deməli, hər bir valideyn 8 manatdan 80 manata qədər xərcə düşməyə məcbur idi. Tamaşa üçün məkan seçilmiş Opera və Balet Teatrının quruluşuyla tanış olmayan valideynlər daha çox 4 və 9 manatlıq biletlərə sahiblənməyə çalışırdılar. O cümlədən də biz. 9 manatlıq biletin normal olacağına satıcının bizi inandırmasından sonra 18 manat ödəyib mayın 14-nü gözləməyə başladıq. Sonradan təlabatın yüksək olduğunu görən təşkilatçılar "yalnız bir gün" sözünü "mayın 14-ü və 15-i" ilə əvəzlədilər. Göründüyü kimi, paytaxt sakinləri interaktiv tamaşaya yetərincə ilgi göstəriblər.
Təyin olunan vaxtda teatra daxil olanların əksəriyyəti isə aldadıqlarını anladılar. Narazılıq bildirmək üçün isə gec idi. 30 və 40 manatlıq biletlər istisna olmaqla qalanları yuxarı mərtəbələrdə yerləşən eynvan tipli yerlərə idi. Həmin eyvanlarda əyləşən azyaşlı "interaktiv tamaşa"nın iştirakçısına necə çevrilə bilərdi? 5-6 yaşında uşaq 3-cü mərtəbədəki oturduğu yerdən səhnədə baş verənləri nə aydın görə bilərdi, nə də cizgi film qəhrəmanlarının dediklərini. Yazının sonunda sizə təqdim edəcəyimiz şəkildən də görəcəksiz ki, 18 manat xərcdən sonra övladlarımız "interaktiv tamaşa"nın "çarəsiz tamaşaçası"na çevrilmişdilər. Hazırki iqtisadi çətinlik şəraitində hər bir azərbaycanlı ailə başçısı üçün 18 manat az pul deyil. Bu məbləğə 3 kiloqram ət alıb, 4-5 nəfərlik ailənin bir həftəlik yeməyini hazırlamaq mümkündü. Amma "TriDa Promotion"un fırıldağı sayəsində həm pulumuzdan olduq, həm də məyus övladımızın qarşısında özümüzü günahkar hiss etdik. Təşkilatçılar əvvəlcədən anlamalıydılar ki, Opera və Balet Teatrındakı şərait bu cür interaktiv tamaşa üçün əlverişli deyil. Ümumiyyətlə, bu cür yüksək eynvanlı salonda azyaşlılar üçün interaktiv tamaşa keçirmək faciəyə səbəb ola bilər. Valideynin diqqətindən yayınan uşaq eyvandan aşağı yıxılsaydı, kim cavab verəcəkdi? Ümid edək ki, Mədəniyyət və Turizm Nazirliyi belə fırıldaqçılarla mübarizə aparacaq, valideynlər isə bu yazımızdan sonra onların qurbanına çevrilməyəcəklər.


Qaynarinfo.az