
Ərazi hasara alınaraq tikinti aparılır
Bakının Nərimanov rayonu Ziya Bünyadov 48-54 və İbrahimpaşa Dadaşov 52 küçələrinin sakinləri iş adamlarından birinin badına gedib.
Sakinlərin ANS PRESS-ə verdiyi məlumata görə, "Gənclik" metrosundan "Ayna Sultanova" istiqamətinə hərəkət edərkən yolun sol tərəfində yerləşən iki binanın həyətindəki “xeyir-şər” evi bir neçə il bundan əvvəl iş adamlarından birinin maliyyə dəstəyi ilə təmir edilib. Təmir üçün bina sakinlərindən də pul yığılıb. Lakin sözügedən iş adamı Ziya Bünyadov 48-54 və İbrahimpaşa Dadaşov 52 küçələrində olan “xeyir-şər” evini və uşaq meydançasını dağıtdıraraq bina tikir.
Sakinlərin dediyinə görə, 15 gün əvvəl isə binaların həyətindəki ağacların əksəriyyəti kökündən kəsilib. Yeni binanın tikiləcəyi ərazi dəmir hasara alınıb. Bu isə sakinlərin səbr kasasını daşırıb. 328 ailənin yaşadığı binaların sakinləri həyətə düşərək hasarı sökməyə başlayıb. Hadisə yerinə Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndəsi və sahə müvəkkili gəlib. İH nümayəndəsi məsələ ilə bağlı İH başçısını məlumatlandıracağını və müvafiq tədbirlərin həyata keçiriləcəyini deyib.
Sakinlər isə deyir ki, ərazidə ağacların kəsilməsi prosesi davam edir. Bir neçə gün öncə isə hasara alınmış əraziyə tikinti işlərinin aparılması üçün ağır texnika cəlb edilsə də məhəllə sakinlərinin kəskin etirazı nəticəsində işçilər oradan qaçıb.
Nərimanov rayon İH-dən müvafiq addımların atılmasını gözləyən sakinlər deyir ki, ərazidə tikinti işləri və ağacların kəsilməsi prosesi dayandırılmadığı təqdirdə Gənclik metrosu istiqamətindən gələn yolu bağlayacaqlarını deyiblər.
Qaynar.info










