
Bakıda sərnişin avtobusları ilə bağlı problemlər bitib-tükənmir.
Problemlərdən biri Binə qəsəbəsində işləyən 160 saylı sərnişin avtobusu ilə bağlıdır. Bu barədə Binə qəsəbə sakinləri Anspress-in “Qaynar xətti”nə şikayətlərində bildiriblər.
Şikayətçi Yasin Cavadovun sözlərinə görə, Binə qəsəbəsində neçə illərdi avtobus problemi davam edir: “200 minə yaxın əhalisi olan Savxoz və Binə qəsəbəsindən “Koroğlu” metrosuna cəmi bir xətt işləyir. 160 nömrəli avtobus çox gec-gecə gəlir. Binədə isə bu marşruta ümumiyyətlə minmək mümkün deyil. 1 manata yolüstü metroya aparan sürücülər sağ olsunlar. Yoxsa şəhərə çıxışımız heç cür mümkün olmazdı. Milli Stadionun yaxınlığında yerləşən Binə qəsəbəsində, Avropa oyunlarının keçiriləcəyi bir vaxtda bu cür vəziyyətin olması həqiqətən yolverilməzdir”.
Məsələni araşdırmaq üçün avtobusun tabe olduğu “Ayşən” MMC şirkətilə əlaqə saxladıq. Şirkətin direktoru Zabir Hüseynov Anspress-ə açıqlamasında edilən şikayətin doğru olduğunu bildirdi. Onun sözlərinə görə, həqiqətən də avtobuslar vaxtında işləyə bilmir. Onların gecikməsinəs səbəb isə yollardır.
“Yollar çox bərbaddır. Yolda iri çuxurlar var. Biz ora daş alıb tökmək, yolu təmir etmək istədik. Lakin Binə kənd İcra nümayəndəsi bizə imkan vermədi. Bu həqiqətən də biabırçılıqdır. 30 avtobus olsa da işləyə bilmirik”.
Qaynar.info






