Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun "Ulduz” stansiyasının yaxınlığında yerləşən plastmas istehsalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən söndürülüb.
FHN-dən Qaynarinfo-ya verilən məlumata görə, yanğının mürəkkəbliyinə, əhatə dairəsinin sürətlə genişlənmə riskinə baxmayaraq, yanğınsöndürmə qüvvələrinin əlaqəli və effektiv tətbiqi, yanğınsöndürənlərin peşəkarlığı sayəsində alovun geniş sahəyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində ümumi sahəsi təxminən 28000kv.m olan sex və anbarın ilkin hesablamaya əsasən 900-1000kv.m hissəsi yanıb. Obyektin böyük hissəsi yanğından mühafizə olunub.
Yanğın zamanı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 2 nəfər əməkdaşı yüngül xəsarət alıb.
15 43
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun "Ulduz” stansiyasının yaxınlığında yerləşən sexdə baş vermiş yanğın genişlənməsinə imkan verilməyərək saat 15:06-da məhdudlaşdırılıb.
Bu barədə Qaynarinfo-ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
15.07
Bakıda sexdə yanğının söndürülməsinə 2 helikopter cəlb edilib.
Bu barədə Qaynarinfo-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu gün günorta saatlarında Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun "Ulduz” stansiyasının yaxınlığında plastmas istehsalı sexində yanğın baş verməsi barədə FHN-in "112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərini davam etdirir.
Əlavə məlumat veriləcək.
13.35
Bakıda plastmas sexində yanğın başlayıb.
Qaynarinfo xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, metronun "Ulduz" stansiyasının yaxınlığında qeydə alınıb.
Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.