Sürücülər və alış-veriş edənlər Ziya Bünyadov prospektində yolun təmirinə mane olurlar.Bunu “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, bu yol Böyükşordan “Xutor dairəsi”nə qədər olan 9,2 km məsafəni əhatə edən yolun salınmasında artıq yekun işləri görülür. Böyükşordan Atatürk prospekti ilə kəsişməyə qədər olan hissənin 3 qat asfalt beton örtüyü vurulub. İndi sonuncu aşınma qatının vurulmasına hazırlıq gedir.
“Azəryolservis” rəsmisinin sözlərinə görə, yolun salınması prosesində müəyyən problemlər yaranır.
“Sürücülər avtomobillərini gətirib yolun hərəkət hissəsində saxlayırlar. Alış-veriş edənlər inşaat materiallarını və digər materialları yolun hərəkət hissəsinə tökürlər. Bəziləri gətirib yük avtomobili ilə orada qum-çınqıl satır. Avtomobillər yolun gedişi ilə gəlişini ayıran zolağın üzərindən keçərək ayırıcı zolağı bərbad vəziyyətə salırlar. Böyükşordan gələn nəqliyyat vasitələri Müzəffər Nərimanov küçəsi ilə kəsişməyə çatdıqda köməkçi yoldan istifadə etmək əvəzinə, həm Müzəffər Nərimanov küçəsilə, həm də “Böyükşor” küçəsinin kəsişməsində yerləşən tunellərə əks istiqamətdə girərək sıxlıq yaratmaqla yanaşı, “Böyükşor” istiqamətinə gedən avtomobillər üçün qəza şəraiti yaradırlar”, - deyə Pünhan Mürsəliyev bildirib.
Pünhan Mürsəliyevin sözlərinə görə, orada aşınma qatını vurmaq mümkün deyil. “Azəryolservis” ASC rəsmisi deyir ki, yolun hərəkət hissəsində ticarət ilə məşğul olmaq olmaz: "Bu günə qədər biz yolda hərəkəti tam dayandırmadan, yəni yolun bir tərəfində nəqliyyat vasitələrinin hərəkətini saxlamaqla işləri aparmışıq. Ancaq belə davam edərsə, sonuncu xəbərdarlığa əməl olunmasa, Ziya Bünyadov prospektini bağlayacağıq!” /anspress.
Qaynar.info



