
Səhər saatlarında baş vermiş yanğın söndürülüb
Bu gün səhər saatlarında Bakıda taxta sexində baş vermiş yanğın söndürülüb. Qaynar.info-nun Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1556 kv.m olan anbarının yanar konstruksiyaları və içərisində taxta məmulatları 540 kv.m sahədə yanıb.
Anbarın qalan hissəsi və anbara bitişik fərdi (özbaşına tikilmiş) evlər yanğından mühafizə olunub.
Yanğın saat 10:38-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
__________
12:07
Hazırda yanğının söndürülməsi işləri davam etdirilir
Bu gün səhər saatlarında Bakıda taxta sexində yanğın olub.
Qaynar.info-nun Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda taxta sexində yanğın hadisəsi baş verib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Hazırda yanğının söndürülməsi işləri davam etdirilir. Əlavə məlumat veriləcək.