8-ci kilometr ərazisində yerləşən “Lotos” ticarət mərkəzində yanğın olub. Qaynar.info publika.az-a istinadən xəbər verir ki, yanğın ticarət mərkəzinin damında baş verib.
“Lotos”un loqosu yazılan hissədə başlayan yanğın digər ərazilərə də keçib. Yanmış hissələr isə binanın qarşısında dayanmış maşınların üzərinə tökülüb. Ən azı iki maşına zərər dəyib. Mərkəzdəki satıcılar və alıcılar hamısı binadan çıxarılıb.
Nizami Rayon Polis İdarəsindən publika.az-a verilən məlumata görə, yanğın söndürülüb. Yanğının yayılmasının qarşısı alınıb. Yanğın loqonun işıqlandırılması zamanı elektrik naqillərində baş verən qısa qapanmadan baş verib.
Qeyd edək ki, ticarət mərkəzi “8-ci kilometr” bazarının yaxınlığında yerləşdiyindən bazarda işləyənlər arasında da təlaşa səbəb olub. Hazırda ticarət mərkəzinin yaxınlığındakı yolda tıxac yaranıb.
Qaynar.info


