
Azərbaycanda toydan qayıdan ailə yasa düşdü. Bakı - Quba maqistral yonunun 46-cı kilometrliyində, Hacı Zeynalabidin Tağıyev qəsəbəsi ərazisində 5 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Azərbaycan Respublikası Baş Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyevin ANS PRESS - ə verdiyi məlumata görə, hadisə bu gecə saat 04 radələrində qeydə alınıb.
Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Əliyev Əli Xanlar oğlu idarə etdiyi "Opel Astra" markalı, 90- XJ- 976 dövlət nömrə nişanlı avtomobillə Quba istiqamətinə hərəkət edərkən texniki nasazlıq səbəbindən yolun kənarında dayanan "Mercedes" markalı, 90-TE-701 dövlət nömrə nişanlı yük avtomobilinin qoşqu hissəsinə çırpılıb.
Qəza nəticəsində "Opel"də 6 nəfər olub. Onlardan 5-i hadisə yerində dünyasını dəyişib. Ölən şəxslər aşağıdakılardır.
Əli Xanlar oğlu Əliyev - 1994-cü il təvəllüdlü
Məhəmməd Xanlar oğlu Əliyev - 1996-cı il təvəllüdlü
Tural Məhəbbət oğlu Rzayev - 1993- cü il təvəllüdlü
Xanlar Əziz oğlu Əliyev - 1970- ci il
Sabir Aslan oğlu Əliyev - 1977- ci il
Maşında olan sərnişinlərdən biri, 2004 - cü il təvəllüdlü Rəvan Sabir oğlu Əliyev isə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
İlkin ehtimala görə, hadisəyə səbəb sürücünün sükan arxasında yatması olub.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Sumqayıt Rayon Polis İdarəsindən verilən məlumata görə, minik maşınında olanlar Bakıda toydan çıxaraq Quba rayonuna istirahətə gedirlərmiş.
Xatırladaq ki, bu son iki gün ərzində baş verən ikinci ağır yol nəqliyyat hadisəsidir. Belə dünən Samux rayonu ərazisinə baş verən qəzada da 5 nəfər həyatını itirib, 6 nəfər xəstəxanaya yerləşdirilib.
Qaynar.info