
Sosial şəbəkələrdə Azərbaycanda uşaq oğurluğu ilə bağlı sensasiyalı xəbər yayılıb.
Qaynar.info Lent.az-a istinadən xəbər verir ki, Facebook sosial şəbəkəsində Rusiya vətəndaşı olan Olya Emelyanko adlı qadının azyaşlıları uşaq bağçasından qaçırdığı bildirilir. İddiaya görə, o bu uşaqları “orqan mafiyası” üzvlərinə satır.
Onun indiyə qədər Bakının Nərimanov və Yasamal rayonlarında 6 uşağı qaçırdığı da yazılıb.
Facebook-dakı digər bir paylaşım isə bir azyaşlının yoxa çıxması barədədir. Şəkli paylaşılan azyaşlı Məhəmmədli Baloğlan Cavid oğlunun bu il mayın 1-də yaşadıqları həyətdə oynayarkən yoxa çıxdığı bildirilir.
Lent.az qeyd edir ki, bu yalnız sosial şəbəkələrdə onlarla paylaşım edilmiş məlumatdır.
Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə İdarəsi Bakıda uşaqları oğurlayan şəxsin peyda olması ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirib. İdarənin rəisi, polis polkovniki Şərif Əsədullayev Lent.az-a bildirib ki, bu məlumatların əsası yoxdur: "Hamısı şaiyədir. Vəziyyətə tam ciddi nəzarət olunur. Belə məlumatlara inanmaq lazım deyil".
Qaynar.info

