Fövqəladə Hallar Nazirliyi (FHN) Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayışın baş vermə səbəblərini açıqlayıb.
Nazirlikdən Qaynarinfo-ya bildirilib ki, ilkin məlumata əsasən, onsəkkizmərtəbəli yaşayış binasının onsəkkizinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib.
Nəticədə, ilkin məlumata əsasən, 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib.
Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülür.
Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.
16.28
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış olması barədə ilkin məlumat daxil olub.
Bu barədə Qaynarinfo-ya nazirlikdən məlumat verilib.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, partlayış nəticəsində yanğın hadisəsi baş verməyib.
DİN-in mətbuat xidmətindən isə bildirilib ki, polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə hadisə yerinə cəlb edilib.
Qeyd olunub ki, hazırda təhlükəsizlik tədbirləri görülür və ilkin məlumata görə, hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə "Report"a qeyd edilib ki, hadisə yerinə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 5 briqadası cəlb olunub.
16.12
Bakıda yaşayış binasında partlayış olub.
Qaynarinfo xəbər verir ki, hadisə Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Eyni zamanda, partlayış baş verən əraziyə təcili tibbi yardım avtomobilləri cəlb olunub.
Partlayış zamanı zərbənin gücündən 18-ci mərtəbədə yaşayan şəxsin pəncərədən yerə düşərək öldüyü deyilir.