
Qəzada “Mercedes”, “Lada 2108” və “Volkswagen” toqquşub
Bu gecə Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza Nəsimi rayonu ərazisində, Bakıxanov küçəsi və Azadlıq prospektinin kəsişməsində baş verib. ANS PRESS-in verdiyi məlumata görə, Azadlıq prospekti ilə üzüaşağı hərəkət edən 18 yaşlı Hüseynov Vüsal Nəzərəli oğlunun idarə etdiyi “Mercedes” markalı minik maşını işıqforun qırmızı işığının tələbinə riayət etməyərək Bakıxanov küçəsi ilə hərəkət edən “VAZ 21099” ilə toqquşub. Daha sonra idarəetməni itirən “Mercedes”in sürücüsü avtomobili 36 yaşlı Xəlilov Elmar Nəbi oğluna məxsus “Volkswagen Passat”a çırpıb. Qəza nəticəsində yoldan keçən 43 yaşlı Kərimova Gözəl Davud qızı hadisə yerində ölüb, sürücülər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı istintaq başlayıb, araşdırmalar davam edir. Ölüm hadisəsinə hansı sürücünün səbəb olduğu təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra bilinəcək.
Qaynar.info





