Xəbər lenti

Bakıdakı gənc qızlar həbsxanasından REPORTAJ+FOTOLAR
Ölkə06:00 24.09.2013

Bakıdakı gənc qızlar həbsxanasından REPORTAJ+FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qara paltarlı qadınlar

4 saylı cəzaçəkmə müəssəsinin qarşısı...

Arxamca bağlanan dəmir qapının vahiməli şaqqıltısı...

İç-içə olan dəmir qapılar...

Sanki qarşıdakı sonsuzluqdur, qapqapa sonsuzluq...

Üşüyürəm...

Amma orda da bir həyat var...

Geyimləri də taleləri kimi qara olan qadınların həyatı...

Yuxudan durandan yatanadək bu həyatın içində dolaşan qadın məhbuslar...

Azərbaycanda yetkinlik yaşına çatmayan oğlanlar üçün Tərbiyə Müəssisəsi olsa da, eyni yaşda olan qızlar üçün analoji cəzaçəkmə müəssisəsi yoxdur. Qanunvericilik imkan verir ki, bəzi yüngül cinayətlərdə 18 yaşına çatmayan təqsirləndirilən qız ittiham olunmasın, yaxud ona şərti iş verilsin. Lakin bəzi hallarda azyaşlı qızlar elə ağır və xüsusən ağır cinayət törədir ki, heç hakimlər də "insaf" panelindən istifadə edə bilmir. Belə olan halda azyaşlı xanım cinayətkarlar islah olunmaq üçün bura - 4 saylı Cəzaçəkmə Müəssisəsinə gətirilirlər.

Bu zindana həbs olunanlar incə məxluqlardır. Lakin zindan divarları arasında keçən illər əvvəlcə onların simalarındakı zəriflik izini silməyə başlayır, sonra isə xasiyyətlərindəki incəlik yoxa çıxır. Artıq bir gün onlar sərtləşmiş xatirələri ilə üz-üzə qalmış olurlar - qara paltarlı qadınların çoxu elə bu cür fikirləşir.

Qara paltarlı qadınlar burda olmalarının nədəni...

Narkotik vasitələrin satışı və istifadəsi, dələduzluq, xuliqanlıq, quldurluq, insan alveri, ölüm, oğurluq... Bu cinayətlərin altında bir qadının sonrakı peşmançılıq göz yaşları yatır. Aralarında 22 yaşında olanı da var, 72 yaşlısı da.

Həbsxana iki hissəyə ayrılır: şərti olaraq belə deyə bilərik - ağaclı həyət, hovuzlu həyət. Burda hər birinin əynindəki qara paltar talelərinin əksidir. Həyətdə var-gəl edir, kimi özünə qapanıb təkliyini paylaşmır, kimi də siqaret tüstüsün "itkin" düşür. Burda onlar əksər adi və həyatı vərdişlərindən əl çəkiblər. Al-əlvan geyim, hündür daban ayaqqabı, şaqraq gülüş  - hamısı azad keçmişdə qalıb.

Qadınların yatdıqları otaqlar "barak” adlanır. Bir "barak”da təxminən 30-40 nəfər yatır. Ağ, səliqəli yataqlarının üzərində bircə ləkə var - çarpayının baş tərəfindən vurulan dəmir lövhə: məhbusun adı, mühakimə olunduğu maddə və cəza müddəti...

Qalinanın dramı

4 saylı cəza çəkmə müəssəsindəki 369 qadından biridir o - Qalina Babayeva. 16 yaşının tamam olduğu gün - ad günündə valideyinlərini yol qəzasında itirib. Həyatın ağuşuna təkbaşına atılıb. Uğursuz nikahlarından 3 övladı var. 2002-ci ildə Türkiyədə "Miss Şarm - Azərbaycan" gözəli seçilib. Bir düşünülməmiş addımı gözəlliyini, adını və varlığını fotokameralardan, barmaqlıqlar arxasına daşıyıb. Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə həbs olunub. Özünü təqsirkar bilmir. Ona aid olanları gizlədən sponsorunun evini soymaqda suçlandırılıb...

O, nə olursa-olsun, gözəlliyini, gəncliyini, övlad sevgisini prinsiplərinə qurban verdiyinə görə təəssüf edir.

"Balaca oğlum gəlmişdi yanıma. Deyir ki, ana, mənə deyirsən bura xəstəxanadır, amma bacım deyir ki, yox ana türmədədir. Axı xəstəxana olsaydı, burda məftillər olmazdı axı. Hündür hasarları da var. Əgər sən xəstəxanada olsaydın, səni qoyardılar axı yanımıza gələsən... Dözə bilmirəm, uşağı aldatmaq da istəmirəm. Nə qədər ağır olsa da, dedim ki, hə, balaca, bura türmədir” - Bu etiraf təkcə onun balaca oğlu üçün deyil. Artıq Qalinanın öz talesizliyi ilə razılaşmasının acı etirafı idi bu.

- Qalina, 9 il iş verilib sənə və 2 ildir burdasan. Dəyişən nəsə olubmu?

- İnsanlara inamım itib. Ən yaxın adamlarımın necə üz döndərdiyini gördüm.

- Bəs 7 il sonra nə olacaq?

- Bilmirəm... Əgər sağ qalsam, yəqin ki, tamam başqa insan olacam. Əvvəlki Qalina olmayacam. Bəlkə yıxılmış birini qaldırmaq üçün əl verəcəm, amma onu özümə yaxın bilib sonunadək kömək etməyəcəm.

- Məhbəsdən çıxdıqdan sonra neynəyəcəksən?

- Uşaqlarımı da götürüb gedəcəm buralardan. Uzaqlara...Çox uzaqlara.

Bilirsiz, burda hər cür adam var. Özümü ən əvvəl özümdən, daha sonra burdakı pislərdən qorumaq üçün xalçaçılıq sexinə sığınmışam. Özümü ona görə dedim ki, insan əvvəl öz daxilindəki pislərdən, mənfiliklərdən arınmalıdır. Bura sakitlikdir, fkirlərimlə baş-başa qala bilirəm. Amma dözmək, insanın öz-özünə kəsdiyi cəza... Bax, bunun öhdəsindən gəlmək o qədər də asan deyil, ağır yükdür. Burdakıları cəkilməz edən elə o mənəvi cəzadır. Bir də azadlıqda olan və hələ sənə ehtiyacı olanların həsrəti... Bilmirəm uşaqlarımın üstü açılanda kim örtür? Nə yeyirlər, nə içirlər? Xəstələnəndə kim əlac edir?

- Gündə neçə saat xalça toxuyursan?

- 4 saat.

- Yəqin azadlığa çıxanda xalça görəndə buralar yadına düşəcək...

- Nəinki tək xalça, hətta öz uşaqlarımı görəndə də yadıma düşəcək ki, həyatımda 9 ilim yoxdur... Onlar artıq böyüyüblər. Qızımın bir neçə aydan sonra toyu olacaq. İllər sonra mən onların nəyinə lazım olacam axı?... Amma nə olursa-olsun, xətasız-balasız uşaqlarımın yanına qayıtmaq istəyirəm.

- Qalina, yuxu görürsən?

- Hərdən, yata biləndə...

- Nə görürsən?

- Çölü görürəm. Görürəm azadlıqdayam. Balalarım yanımda. Bilmirəm necə baş verdi bütün bunlar. İnana bilmirəm ki, mənim başıma gəlib ...Uyğunlaşa bilmirəm. Bəlkə də, uşaqlarım olmasaydı, dözə bilməzdim. Yuxudan oyanıram. Harda olduğumun fərqinə varanda havalanıram. Dəli oluram. Qadınlara ömürlük cəza vermirlər, düzdü. Bir gün burdan çıxmaq ümidi var. Amma qadın üçün, ana üçün buranın bir günü bir ildirsə, 9 ili çəkməyə nə deyirsən? Ona ömrüm yetəcəkmi?

Dəmir barmaqlıqlar arasından boylanan Ümid


Şəhla Muxtarova da yaşadıqlarına dözmək hünər istəyir. 5 uşağı anasıdır o. Sonuncunu burda dünyaya gətirib. Balaca Ümid doğulana qədər isə çox hadisə baş verib...

Şəhlanın dördüncü övladı  balaca oğlu Eltac ağır xəstə imiş. Ailə onun müalicəsi üçün xeyli əziyyət çəkir, evlərindəki əşyaları satsalar da, qazandıqları bütün pulu onun müalicəsinə sərf eləsələr də, balaca Eltac sağalmır, ailə pul toparlamaq üçün təzə iş axtarmağa məcbur olur. Beləliklə, Şəhla ailəsiylə birlikdə Yevlax fermalarının birində, aylıq 200 manat məvacib olmaq şərtilə işləmək təklifini qəbul edir. Sonradan vəd edilən məbləğdən 50 manatı da kəsilir, elə hey haqsızlıqla üzləşən ana çox əsəbi günlər keçirir.

Belə günlərin birində isə çox zalım bir təsadüfün qurbanı olur Şəhla: "Qoyunları otarırdım. Başqa çoban taxıla öz qoyunlarını buraxdı. Dedim ki, olmaz, buna görə bizə söz gələcək. Qulaq asmadılar. Üstünə qışdırdığım üçün çoban əlindəki taxta ilə məni döydü, nalayiq söyüş söydü. Hətta hamilə olmağım da ona təsir etmədi. Bir də gördüm ki, qoyun qırxan qayçını qarnıma soxmaq istəyir. Özümü müdafiə etmək istədim, qayçını aldım, əlbəyaxa olduğumuzdan təsadüfən qayçı çobanın qarnına girdi və o öldü”.

Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə mühakimə olunan Şəhla Muxtarova 7 il azadlıqdan məhrum edilib. Artıq il yarımdır həbsxanada olan Şəhla körpəsini də burda dünyaya gətirib. İndi həbsxana divarları arasında ümidini 8 aylıq balası Ümidə bağlayıb. Yoxsa dəli olardı... Özü belə deyir: "Bir balamı müalicə etdirmək üçün fermaya işləməyə getdim, hələ biri də qarnımda bura düşdüm. Düşünəndə dəli oluram”.

Oğlu Ümid gözlərini açan kimi cəzaçəkmə müəssisəsinə düşüb, o törətmədiyi bir cinayətin cəzasını çəkir. Anasının təsadüfən törətdiyi cinayətin cəzasını. Amma belə ümidlər tək deyil və Ümidin taleyini yaşayan neçə-neçə balaca var.

"Ümid gözümün qabağındadır hələ ki... Amma çöldə bundan daha dördü var. Tək fikrim-zikrim onlardır. Telefonla danışıram onlarla. "Ana gəl" deyəndə dünya başıma uçur” - Şəhla deyir ki, xəstə qoyub gəldiyi balası Eltac hələ də tam sağalmayıb, danışmır. O, bütün günü balasının "ana" deyəcəyi günün xəyalı ilə yaşayır.

Aytac, Əfruzə, Eşqim, Eltac yuxularından çıxmır heç... Şəhla gözü yaşla dolu bunları deməyə gücü çatır: "Bu yuxulardan ayılmaq istəmirəm heç. Yuxuda oynayıram onlarla, qayğılarına qalıram, öpürəm-oxşayıram. Oyananda, anlayandakı bütün bunlar yuxu imiş, havalanıram, təqətsiz olub bir tərəfə düşürəm”.

Qarşıda hələ 6 illik məhbəs həyatı var. Bunun 4 ili balaca balası Ümidsiz keçəcək. Qanunvericiliyə görə uşaq 3 yaşına çatdıqda məhbəsdən çıxarılaraq ya uşaq evlərinə, ya da qohumlara verilməlidir. Buna xeyli var, amma indidən ana o gününə yas tutub. Xəyalən isə o günə qədər azadlığa qovuşmağı təsəvvür edir..

Qadın ətri

İndi əks istiqamətə hərəkət edirəm...

Bu dəfə yönüm böyük bir azadlığın olduğu tərəfədir...

Dəmir qapılar arxamca bağlanır...

Bağlandıqca qara paltarlı qara taleli qadınların ətirləri də məndən uzaqlaşır...

Qadın ətri?! Məgər içəridə olanda belə bir iy burnuma gəldimi?

Duyammadım...

Yox, azadlığın məhrum olunduğu yerdə qadın ətri də duyulmaz...

Sevinc Məmmədli
ANN.Az