Kənd təsərrüfatı naziri Heydər Əsədov paytaxt Bakıda yarmarkaların fəaliyyətinin dayandırılmasına aydınlıq gətirib. “Xəzər Xəbər”ə açıqlamasında nazir bildirib ki, yarmarkaların fəaliyyəti yaxın vaxtlarda bərpa olunacaq. Amma onların dayandırılmasına əsas olan səbəbin aradan qaldırılmasından sonra.
Artıq 4-cü həftədir ki, paytaxtda kənd təsərrüfatı yarmarkaları fəaliyyət göstərmir. Və ortaya sual çıxır. Görəsən buna səbəb nə olub və bundan sonra yarmarkaların fəaliyyəti bərpa olunacaqmı?
Məsələyə Kənd təsərrüfatı naziri Heydər Əsədov aydınlıq gətirib: “Yarmarkalar dayandırılmayıb. Sadəcə Bakı şəhər icra hakimiyyətinin məktubu əsasında biz onların yerlərinin dəqiqləşdirilməsi ilə bağlı müvəqqəti dayandırmışıq. Bəzi yerlərdə sıxlıq yarandığı üçün və vətəndaşlardan şikayətlər daxil olduğu üçün ünvanların yenidən dəqiqləşdirilməsi məsələsini müzakirə edirik. Bu müzakirələr yaxın vaxtlarda başa çatan kimi , onların fəaliyyətini təmin edəcəyik”.
Nazirin sözlərinə görə, yarmarkalar bərpa olunandan sonra da , yenə də yerli orqanik məhsullara üstünlük veriləcək. Ümumillikdə isə yarmarkaların təşkilində heç bir dəyişiklik gözlənilmir. Xatırladaq ki, buna qədər kənd təsərrüfatı yarmarkaları mütəmadi olaraq paytaxtın 7 rayonunda 9 ünvanda fəaliyyət göstəriridi.