Yol poisi bir neçə gündür Bakıda motosikletçilərə qarşı xüsusi reyd keçirir. Artıq bir neçə motosikletçi saxlanılıb. Məlumatda reydin keçirilməsinə səbəb kimi daxili işlər naziri, general-polkovnik Ramil Usubovun göstərişi olub. Bundan sonra qeydiyyatlarında problem olan, yol hərəkəti qaydalarını pozan motosikletçilərlə bağlı təcili reyd keçirilib.
Musavat.com nazirin tapşırığının necə icra olunduğunu öyrənmək üçün Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Xidmətin rəis müavini Ehsan Zahidov bu barədə xəbərsiz olduğunu bildirib.
Xüsusi, yoxsa adi reyd...
Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov “Yeni Müsavat”a bildirdi ki, keçirilən reyd adi reydlərdən fərqlənmir: “Burda xüsusi heç nə yoxdur. Həmişəki keçirilən reydlərdəndir. Bu barədə geniş şəkildə heç nə deyə bilmərəm”.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov qanunu pozan motosikletçilərdən danışdı: “Təkcə “Neftçilər” prospektində 11-dən çox motosikletçi saxlanılıb. Onlar polisdən qaçmağa cəhd etdilər. Lakin süni sixlıq yaradaraq onları saxlaya bildik. Nəticədə barələrində protokol yazılaraq aidiyyatı üzrə tədbirlər görülüb. Nəzərinizə çatdırım ki, motosikletçilərin məsuliyyətsizliyi nəticəsində ölümlə nəticələnən hadisələr baş verir. Motosikletin qazanlarından yayılan hay-küy ətrafda olanların narazılığına səbəb olur, göstərdikləri şou vətəndaşları narahat edir. Çox zaman onlar xüsusi qaydalara əməl etməyərək şinel və kaskalar geyinmir, dövlət nişanlarından istifadə etmirlər. Səhər saat 9-dan axşam 10-dək yollardan istifadəyə icazə vermişik. Ancaq gecə saatlarında onlarla motosikletçi qanunvericilikdə tələb edilən qaydaları pozur”.
Vaqif Əsədov motosiklet xuliqanlığının azaldığını dedi: “Onu deyə bilərəm ki, keçirdiyimiz reydlərin təsiri olaraq ötən illərə nisbətən qaydanı pozan motosikletçilərin sayı azalıb. Bu, çox sevindirici haldır. İctimai qınağın və cəmiyyətin səyi nəticəsində inanıram ki, belə halların sayı daha da azalacaq”.
V.Əsədov “Yeni Müsavat”ın tribunasından çağrış da etdi: “Cəmiyyətin mariflənməsində mətbuatın rolu əvəzsizdir. Sizin vasitənizlə motosikletçilərə çağırış edərək bildirirəm ki, həmişə yol mədəniyyətini gözləsinlər. Ən azından öz sağlamlıqlarını və ətrafındakı insanları düşünsünlər. Bildirirəm ki, heç bir motosikletçiyə güzəşt edilməyəcək”.
Tıxaclar “dəmir at”ların belindəki məşhurlar...
Azərbaycanda bahalı motosikletlərin sahibləri sıradan insanlar deyil. Çünki bu cür “dəmir at”lar həddən artıq bahadır. Bu yaxınlarda Bakıda keçirilən Beynəlxalq “Moto-Şou” sərgisində ən ucuz və ən bahalı motosiklərin qiyməti məlum olub – 60-150 min civarında. Belə çıxır ki, yeni motosikletə sahib olanlar zəngin təbəqədəndir.
Məlumdur ki, Bakı gecələrinin ulduzlarına çevrilən baykerlər arasında deputatların, nazir balalarının da adı hallanır. Elə götürək deputat Aydın Abbasovu. Onun 60 min manatlıq “Harley Devidson” markalı motosikleti görənləri heyran edir. Deputat uzun müddətdir ki, baykerliklə məşğuldur. Ustəlik onun baykerlərin təşkilatı olan “Baku HOG Azerbaijan”nın üzvü olduğu bildirilir. Deputatın oğlu da motosiklet həvəskarıdır. Ötən aylar baykerlərlə bağlı yaranan qalmaqalda Aydın Abbasovun da adı hallanırdı. Həmin vaxt o, bu mövzuda açıqlama vermişdi. Deyilənləri təkzib etmişdi. Amma deputatın facebook səhifəsində onun bahalı motosikldə şəkillərinin olduğu əslində bu təkzibin təkzibi sayıla bilər...
Polisin gözü önündə motosiklet şousu
İndiki vəziyyətdə vətəndaşlar artıq avtoşlarla birgə motosikletiylə şou göstərən sürücülərin də əlindən bezib. Bəzən insan həyatı ilə oynayan motosikletçilər fürsət düşən kimi gözdən itə bilirlər. Gizlin deyil ki, belə hallar çox vaxt elə polislərin gözü önündə baş verir. Baykerlərin əksəriyyətinin özünə məxsus yazılmamış qanunları var. Onlar daha çox rok musiqisinə qulaq asır, istədikləri içkini qəbul edir, polisə heç vaxt təslim olmur və s.
Görək, nazirin bu tapşırığı Bakı baykerlərinin fəaliyyətinə təsir göstərə biləcəkmi?
Qaynar.info